8 qələbə, 48 qol
Xəbərlər / 11 Oktyabr 2014 | 05:09393
8 qələbə, 48 qol

Aşağı yaş qruplarından olan komandalar üçün AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlar keçirilib. Son bir həftədə bütün liqalarda növbəti qarşılaşmalar baş tutub. U-14, U-13, U-12 və U-11 liqalarında 2014/15 mövsümünün II turunun oyunları keçirilib. “Qəbələ”nin 4 yaş qrupundan da olan komandası böyükhesablı qələbə qazanıb, ümumilikdə 27 top vurub və yalnız ikisini buraxıb. Ardınca isə U-19, U-17, U-16 və U-15 liqalarında mövsümün III turu baş tutub. Burada da 4 qələbə qazanan “Qəbələ” futbolçuları 21 qol vurub, 2-ni buraxıb. Ümumilikdə isə 7-si böyükhesablı olan 8 qələbənin qeydə alındığı son 1 həftədə “qırmızı-qaralar” 48 qol vurmağı bacarıb.

Paytaxt zonasında çıxış edən U-14 komandası ilk qələbəsini qazanıb. Mövsümə məğlubiyyətlə başlayan komanda AZAL-ı 5 cavabsız qolla məğlub edib. 3 xalı olan “qırmızı-qaralar” yalnız 3 komandadan az xal toplayıb. Akademiyanın futbolçuları növbəti turda “İnter”lə üz-üzə gələcək.

U-13 komandası Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ikinci oyununda da qol buraxmadan böyük hesabla qalib gəlib. “Simurq” üzərində 5:0 hesablı qələbədən sonra “qırmızı-qaralar” 1-ci pillədə yer alıb. Növbəti turda komanda istirahət edəcək.

U-12 Liqasında da zona oyunlarında 2-ci böyükhesablı qələbəsini qazanan “Qəbələ” Yevlaxın UGİM-ini 5:1 hesabı ilə məğlub edib. Turnir cədvəlində itkisiz lider olan “qırmızı-qaralar” növbəti turda “Daşqın”la görüşəcək.

U-11 Liqasında “Qəbələ” ilk matçını keçirib. İlk turu buraxan “qırmızı-qaralar” II turda İsmayıllı UGİM-ini böyük hesabla məğlub edib – 12:1. Keçirilən matçlarda 100 faizlik nəticə göstərən 4 komanda arasında olan Akademiyanın təmsilçiləri 1 oyun az keçirdiyi üçün 4-cü pillədə qərarlaşıb. Növbəti rəqib isə Oğuzun UGİM komandası olacaq.

III turunun oyunları keçirilən U-19 liqasında ikinci oyununa çıxan “qırmızı-qaralar” “Xəzər Lənkəran”ı qəbul edib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 2 oyunda 6 xal toplamaqla itkisiz irəliləyir. Komanda IV turda “Sumqayıt”ın qonağı olacaq.

Öz meydanında “Əlincə” ilə qarşılaşan U-15 ardıcıl 3-cü qələbəsini qazanıb. 3 turdan sonra 9 xalı olan “Qəbələ” yarışın vahid lideridir. “Qırmızı-qaralar”  IV turda “Şahdağ”ın qonağı olacaq.

U-17 komandası səfərdə “Vətən”i böyük hesabla məğlub edib – 11:1. Qələbə qazandığı 3 matçda 22 qol vuran “Qəbələ” turnir cədvəlinin  1–ci pilləsində qərarlaşıb. IV turda “qırmızı-qaralar” AZAL- qonağı olacaq.

“Qəbələ” U-16 Liqasında da ardıcıl 3-cü qələbəsini qazanıb. Öz meydanında AZAL-ı qəbul edən “qırmızı-qaralar” 4 cavabsız qol vurub. 100 faizlik nəticə ilə liderlər qrupunda olan “Qəbələ” IV turda “Xəzər Lənkəran”ın qonağı olacaq.