«Qəbələ»-«Ayaks» matçında qalib müəyyənləşmədi
Xəbərlər / 26 Aprel 2013 | 06:04131
«Qəbələ»-«Ayaks» matçında qalib müəyyənləşmədi

Hollandiyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə növbəti yoxlama oyununu keçirib. Yerli "Ayaks"la üz-üzə gələn "qırmızı-qaralar"ın ikinci sınağı heç-heçə ilə yekunlaşıb. Matça daha yaxşı başlayan təmsilçimiz ilk hissəni Rövlan Muradovun qolu ilə qalib tamamlayıb - 1:0. "Qəbələ" ikinci hissədə də üstün oyun nümayiş etdirib. Komandamızın bir neçə fərqlənmək imkanı olsa da, hücum xəttinin həlledici məqamda qeyri-dəqiq oynaması hesabın artmasına imkan verməyib. Əvəzində hollandlar status-kvonu bərpa ediblər və matçın yekununu müəyyənləşdiriblər - 1:1. 
Matç bir sıra diqqətçəkən məqamlarla yadda qalıb. "Qəbələ"yə qarşı mübarizə aparan heyətdə məşhur hollandiyalı futbolçu Patrik Klüvertin oğlu da yer alıb. "Qəbələ"-"Ayaks" matçını izləyənlər arasında Dennis Berqkamp, Ronald de Bur və Kiki Musampa kimi tanınmış futbolçular da olub. 
Xatırladaq ki, "Qəbələ" hazırlıq çərçivəsində son oyununu aprelin 28-i keçirəcək. Sözügedən qarşılaşmada "qırmızı-qaralar" Almaniyanın "Fortuna" klubu ilə üz-üzə gələcəklər.