«Qəbələ» «Antalya Cup» turnirində 2-ci oldu
Xəbərlər / 6 Noyabr 2015 | 20:09450
«Qəbələ» «Antalya Cup» turnirində 2-ci oldu

Türkiyədə keçirilən “Antalya Cup” turnirinə yekun vurulub. “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurub. Dörd komandanın dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirdə “qırmızı-qaralar” 6 oyun keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda I dövrədə “Lokomotiv”ə (Moskva, Rusiya) 0:2 hesabı ilə uduzub, “Antalyaspor”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəldikdən sonra “Dunarea” (Rumıniya) ilə heç-heçə edib – 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan futbolçularımız, meydan sahiblərini yenə 3 qolla məğlub edib – 3:2. “Antalya Cup” turnirinin son turu öncəsi “Lokomotiv” 1-ci yeri təmin etdiyindən, Türkiyə klubu isə sonuncu olduğundan “Qəbələ” ilə “Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn komandamız turnirdə 3-cü qələbəsini qazanıb. Bununla da xal hesabını 10-a çatdıran “Qəbələ” “Antalya Cup”da 2-ci yeri tutub.
Xatırladaq ki, Xaqani Məmmədovun yetirmələri U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşıb.