«Qəbələ» «Beşiktaş»la sülh bağladı - Fotoreportaj
Xəbərlər / 25 Sentyabr 2012 | 07:09156
«Qəbələ» «Beşiktaş»la sülh bağladı - Fotoreportaj

Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünə U-16-nın İstanbul səfəri ilə start verib. 
Səfərin ilk günündə komandamız İstanbulda yerləşən Heydər Əliyev Parkını ziyarət edib. Daha sonra Beşiktaş İnönü Stadionunda olan “Qəbələ” kollektivi arena ilə yaxından tanış olub. 
Günün ikinci yarısında isə komandamız Fulya Təsislərində ilk yoxlama oyununu keçirib. “Beşiktaş”lı həmyaşıdları ilə üz-üzə gələn təmsilçimiz qələbəni son anda əldən verib. Oyuna sürətli başlayan “Qəbələ” ilk hissə ərzində bir neçə real qol imkanı yaratsa da, bunların yalnız birini dəyərləndirə bilib. Matçın 30-cu dəqiqəsində Bəhlul Mustafazadənin ara ötürməsindən sonra Romal Hüseynov rəqib qapısına yol tapıb. 
İkinci hissəyə meydan sahibləri daha aktiv başlayıblar. Təzyiqi artıran istanbullular müdafiəçilərimizin ani diqqətsizliyindən yararlanaraq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 52-ci dəqiqəsində “Qəbələ” yenidən hesabı öz xeyrinə dəyişib. Fərid Əsədli rəqib müdafiəçidən topu “oğurlayaraq” komandasını irəli çıxarıb. Görüşün qalan dəqiqələrində əsasən əks-hücumlara üstünlük verən “Qəbələ” bir neçə təhlükəli epizod yaratsa da, son anda qeyri-dəqiqlik hesab arasındakı fərqin artmasına imkan verməyib. Əvəzində matça əlavə olunmuş son dəqiqədə komandamız qapısında qol görüb. İstanbul təmsilçisi cərimə zərbəsindən status-kvonu bərpa edib. Beləliklə, “Qəbələ” qardaş ölkədə keçirdiyi ilk oyundan sülhlə ayrılıb – 2:2.