«Qəbələ» ÇEMPİON!!!
Xəbərlər / 5 May 2013 | 14:05335
«Qəbələ» ÇEMPİON!!!

Öncə U-11 Liqasının ilkin regional çempionatında, daha sonra isə final mərhələsində uğurlu çıxışla yadda qalan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası bu gün liqanın yekun - final oyununa çıxıb. Paytaxt təmsilçisi "Neftçi" ilə üz-üzə gələn "qırmızı-qaralar" gərgin və maraqlı mübarizənin sonunda kuboku başı üzərinə qaldırıb. 

Matçda hesabı "Neftçi" açıb. Fasiləyə məğlub yollanan Zaur Hacıyevin yetirmələri ikinci hissədə tədricən üstünlüyü ələ keçiriblər. Ardıcıl hücumlar matçın son - 30-cü dəqiqəsində öz bəhrəsini verib. Turxan Quluzadə status kvonu bərpa edib və qarşılaşmanı uzatma dəqiqələrinə daşıyıb. İki 5 dəqiqəlik əlavə hissədə hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməyib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına keçilib. Həlledici məqamda daha sərrast oynayan "Qəbələ" rəqibini 5:3 hesabilə məğlub edib və turnirin qalibi adına sahib çıxıb.

Final matçının ardından qaliblərin təltifetmə məraisimi baş tutub. Mükafatçılar sırasına adını yazdırmış komandalara - "Qəbələ", "Neftçi" və "Gəncə"yə kubok və medallar təqdim olunub. "Qırmızı-qaralar"ın üzvü Turxan Quluzadə çempionatın ən yaxşı futbolçusu adına layiq görülüb.