«Qəbələ»dən 10 qələbə
Xəbərlər / 18 Fevral 2016 | 19:20474
«Qəbələ»dən 10 qələbə

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb. Akademiyamızın yetirmələri son 11 matçdan onunda qələbə əldə edib. II dövrəyə “Qarabağ” üzərindəki səfər qələbəsi (3:0) ilə başlayan U-19 xal hesabını 31-ə çatdırıb. 12 oyun keçirən komandamız turnir cədvəlinin 2-ci pilləsində qərarlaşsa da, 1 xal geridə qaldığı liderlə müqayisədə bir matç az keçirib. Səfərdə “Kəpəz”in qapısından 3 cavabsız qol keçirən U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir.
“Qarabağ”ı evdə 2:1 hesabı ilə yenən U-16 ardıcıl 17-ci qələbəsini əldə edib. Hesabında 51 xal olan komandamız 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 24-ə çatdırıb. “Neftçi” İK İB ilə ev oyununda 3:0 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 72-yə çatıb.
Paytaxt regionunun Bakı zonasında mübarizə aparan U-13 komandamız ilin ilk matçında “Rəvan”a 8 cavabsız qol vurub. 10 matçda 21 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 komandamız Yevlax UGİM-ini 8:0 hesabı ilə məğlub edib. “Qəbələ” 11 oyundan sonra 31 xal toplayaraq 1-ci pillədə yer alıb. Eyni zonada çıxış edən U-11 “Daşqın”ı böyük hesabla yenib – 9:1. “Qırmızı-qaralar” 11 turdan sonra 100 faizlik nəticə ilə 1-ci pillədə qərarlaşıb. Ardıcıl 12-ci qələbəsini qazanan U-10 Şəki UGİM-ini 7:0 hesabı ilə məğlub edib. Komandamız Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının lideridir.
U-19 Qızlar Liqasında çıxış edən komandamız XII turun matçında “Fidan”a uduzub – 2:5. Hesabında 14 xal olan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.
“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsini 1-ci pillədə başa vuran “Qəbələ” növbəti iki mərhələdə də çətinlik yaşamayıb. 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edən komandamız həlledici oyuna vəsiqə qazanıb. “Qırmızı-qaralar” fevralın 23-də keçiriləcək final matçında “İnter”lə üz-üzə gələcək.