«Qəbələ»dən 16 qələbə
Xəbərlər / 28 Oktyabr 2016 | 23:08450
«Qəbələ»dən 16 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” futbol akademiyasının komandaları 17 matçda qüvvəsini sınayıb. Təmsilçilərimiz bu görüşlərin 16-da qalib gəlib, yalnız birində məğlub olub. 

U-19 hesabına növbəti 2 qələbəsini yazıb. V turun “Zirə” ilə təxirə salınan ev oyununda 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” VI turda “Turan”la səfər matçında 6 cavabsız qol vurub. Bu qələbələrdən sonra aktivini 16 xala çatdıran komandamız 2-ci pillədə qərarlaşıb. V turun oyununu səfərdə keçirən U-17 “Sumqayıt”ın qapısından 3 cavabsız qol keçirib. 13 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. U-16 öncə “Turan”ı evdə 6:1 hesabı ilə məğlub etsə də, ardınca Sumqayıtda eyniadlı komandaya 0:1 hesabı ilə uduzub. 4 matçda 7 xal toplayan komandamız turnir cədvəlinin 5-ci pilləsində yer alıb. “Zirə”ni 1:0 hesabı ilə məğlub edən U-15 komandamız ardıcıl 3-cü dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. 

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. AZAL-ı 5 cavabsız qolla üstələyən U-14 ardıcıl 5-ci qələbəsini əldə edib. 100 faizlik nəticəyə malik “qırmızı-qaralar” yarışın lideridir. Eyni rəqibi 3:0 hesabı ilə məğlub edən U-13-ün aktivində 10 xal var. Komandamız 3-cü yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Yevlax) 16:1, UGİM UGİM “Rabitəçi”ni (Yevlax) 8:0 hesabı ilə yenib. Təmsilçilərimiz 12 xalla ilk 2 pillədə qərarlaşıb. U-11 Liqasında UGİM UGİM “Rabitəçi”ni (Yevlax) 12:1, “Qəbələ” “Kürmük”ü 10:0 hesabə ilə üstələyib. İtkisiz liderlik edən komandalarımızın hər ikisi ilk 4 turda 12 xal toplayıb. U-10 Liqasında “Qəbələ” Oğuz UGİM-ini 15:1, Gİİ Şəkinin 3 nömrəli məktəbinin komandasını 8:1, UGİM isə “Lokomotiv”i 5:0 hesabı məğlub edib. 4 turdan sonra “Qəbələ” və Gİİ 12 xalla liderliyə şərikdir. UGİM isə 9 xala malikdir.

Qızların yüksək liqa yarışında çıxış edən “Qəbələ” “Sumqayıt”ı 8:1, “Veqa”nı 8:0 hesabı ilə məğlub edib. 2 matçda 6 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.