«Qəbələ»dən 6 qələbə
Xəbərlər / 20 Mart 2015 | 16:00429
«Qəbələ»dən 6 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz keçirdiyi 8 oyundan 6-da qalib gələ bilib. U-17 komandası “Bakcell U-17 Liqa” da çıxış edən klublar üçün təşkil olunan kubok yarışında növbəti sınağına çıxıb. “Qırmızı-qaralar” yarımfinalın ilk oyununda “Neftçi”ni məğlub edib – 3:2. Komandamız final yolunda son addımını aprelin 6-da səfərdə keçiriləcək cavab qarşılaşmasında atmalı olacaq. Digər komandalarımız isə liqalarda oyunlarını keçirib. U-19 Liqasında 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Rəvan”a məğlub olub – 1:2. 21 matçda 41 xal toplayan komanda növbəti turda istirahət edəcək. Kubok oyunundan başqa, liqa matçına da çıxan U-17 səfərdə “Xəzər Lənkəran”a qalib gəlib – 4:3. 15 görüşdə 41 xal yığan “qırmızı-qaralar” vahid liderliyini davam etdirir. Komanda növbəti turda “İnter”i qəbul edəcək.
Son bir həftədə rəsmi matç keçirməyən U-16 19 oyunda topladığı 50 xalla liderdir. Növbəti turda komandamız “Turan”ın qonağı olacaq. 19 qarşılaşmada topladığı 41 xalla 2-ci olan U-15-in AZAL-la səfər görüşü təxirə salınıb. “Qəbələ” növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək. Ardıcıl 2 oyun keçirən U-14 “Vətən RİOEUGİM”i 3:1 məğlub edib, “Neftçi” PFK ilə heç-heçəylə kifayətlənib – 2:2. 12 matçda 31 xal toplayan “qırmızı-qaralar” paytaxt zonasında 2-ci pillədə qərarlaşıb.
U-13 Yevlaxın “Rabitəçi” komandasını böyük hesabla məğlub edib – 12:0. 10 oyunda 25 xal qazanan təmsilçimiz Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının vahid lideridir.
Eyni zonada çıxış edən U-12 Şəki UGİM-ini 6, Yevlax UGİM-ini 11 cavabsız qolla keçib. Zonanın lideri olan komandamız 11 matçda 29 xal toplayıb.