«Qəbələ» «Lion»la əməkdaşlığa başlayır
Xəbərlər / 11 Mart 2014 | 13:13336
«Qəbələ» «Lion»la əməkdaşlığa başlayır

“Qəbələ”  Futbol  Akademiyasının məşqçi  heyəti nəzəri  və praktiki  biliklərinin  artırılması məqsədilə daha  bir  işgüzar  səfər gerçəkləşdirəcək. Akademiyamızın  nümayəndə heyəti martın 12-dən 17-dək  Fransanın  “Lion”  klubunun qonağı  olacaq.  Nümayəndə heyətinin  tərkibinə  “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı  direktoru  Stenli  Brard  və  onun müavini Nail  Kərimov,  eləcə  də  akademiyanın  yuxarı  yaş  qruplarında  çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar. 

Səfər  proqramı  “Qəbələ” məşqçilərinin  işgüzar  gəzintisinin maraqlı  və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələrimiz səfər zamanı Lion klubunun  futbol akademiyasının  fəaliyyəti  ilə  tanış olacaq, müxtəlif yaş qruplarının  məşqlərini  izləyəcək  və  yerli  mütəxəssislərlə  təcrübə  mübadiləsi aparacaqlar. Bundan  başqa  nümayəndələrimiz Fransa  klubunun  əsas  komandasının 2 matçını canlı izləyəcəklər. onlar Fransa çempionatının “Lion” – “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” -  “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər.  Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı  5  klub  sırasındadır.  “Lion”nun  futbol  akademiyası  Avropa  ölklərinə peşəkar  futbolçu  ixracına  görə  “Barselona”dan  sonra  ikinci  sıradadır. Dəfələrlə  Fransa  çempionatının  qalibi  olmuş  və  ölkə  kubokunu  qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasıının yetirmələrindən təşkil olunub. Bu  baxımdan  Avropanın  ən  öncül  akademiyasında  olmaq,  burada görülən  işlərlə yaxından  tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox  faydalı olacaq.