«Son oyunlar doğru yolda olduğumuzu sübut edir»
Xəbərlər / 27 Sentyabr 2012 | 13:34439
«Son oyunlar doğru yolda olduğumuzu sübut edir»

“Qəbələ” U-16 və “Fənərbaxça” U-16 (1:1) matçından sonra komanda rəsmiləri fikirlərini gabalafc.az-la bölüşüblər. “Fənərbaxça” Futbol Akademiyasının direktoru Şenol Çorlu “Qəbələ”nin futbolun inkişafı istiqamətində gördüyü işləri dəyərləndirərək komandanın doğru yolda olduğunu söyləyib:

“Hər şeydən öncə qardaş ölkə təmsilçisini burada görməkdən çox məmnunuq. Fürsət düşən kimi biz də Azərbaycana gəlmək istəyirik. Bu gün gözəl oyun və gərgin mübarizənin şahidi olduq. “Qəbələ”nin heyətində çox istedadlı futbolçular var. İnfrastrukturun inkişafı istiqamətində Qəbələdə görülən işlərdən xəbərdarıq. Ötən mövsümün sonunda keçirdiyiniz beynəlxalq turnir haqqında xoş sözlər eşitmişik. Əminliklə deyə bilərəm ki, doğru yoldasınız”.

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı komandanın əvvəlki dövrlə müqayisədə təcrübə və oyun üslubu baxımından xeyli inkişaf etdiyini bildirib:

“1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız bir çox turnirlərdə və xarici səfərlərdə olub. Əvvəlki dövrdə futbolçularımız fiziki baxımdan rəqiblərindən geri qalırdılar. Lakin son iki oyunda – “Beşiktaş”a və “Fənərbaxça”ya qarşı matçlarda komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Futbolçularımız həm fiziki, həm də psixoloji baxımdan yaxşı mübarizə apardılar. Hesabda geri düşmələrinə baxmayaraq, oyunun tempini aşağı salmadılar və sona qədər “döyüşdülər”. Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir. Hələ ki, komandamız potensialının 40 faizini nümayiş etdirir. Potensialımızın 80-90 faizini nümayiş etdirəcəyimiz təqdirdə futbolçularımız həm “Qəbələ”nin əsas komandası, həm də Azərbaycan yığmasında çıxış üçün tam hazır olacaqlar.”