U-11 finalda
Xəbərlər / 4 May 2013 | 15:33365
U-11 finalda

U-11 Liqasının ilkin mərhələsini uğurla adlayan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası uğurlu çıxışı yekun - final mərhələsində də davam etdirib. Qrupda “Xəzər-Lənkəran” (1:1), “Şərur” (3:0) və “İnter”lə (0:0) qarşılaşan “Qəbələ” 5 xalla ilk pillədə ¼ final mərhələsinə yüksəlib. Bu etapda “qırmızı-qaralar” “Xızı” ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün parametrlərdə üstələyən Zaur Hacıyevin yetirmələri 2:1 hesabilə qalib gəlib və yarımfinalda oynamaq hüququ qazanıb. Finala vəsiqə uğrunda mübarizədə “Qəbələ” paytaxt təmsilçisi “Bakı” ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən matç “qırmızı-qaralar”ın 2:1-lik qələbəsi ilə yekunlaşıb. “Qəbələ”yə qələbə gətirən qollara Veysəl Rzayev və Firudin Həşimov imza atıb. 
Qızıl medallar uğrunda həlledici oyunda təmsilçimiz “Neftçi” ilə qarşılaşacaq. Matç sabah – mayın 5-i saat 15:00-da Bayıl Arenada baş tutacaq. Görüş “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.