U-14 Rusiyada keçirilən turnirə start verdi
Xəbərlər / 6 İyun 2017 | 22:02236
U-14 Rusiyada keçirilən turnirə start verdi

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirinə start verilib. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk turda Rusiya təmsilçisi “Rostov”la qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Dağıstanda baş tutan turnir iyunun 11-dək davam edəcək. Kaspiysk şəhərindəki “Anji Arena” stadionunun meydançalarında 8 komanda mübarizə aparır. “Qəbələ” A qrupunda Rusiya təmsilçiləri “Krasnodar”, “Ramzan” və “Rostov”la qüvvəsini sınayır. “Qırmızı-qaralar” sabah “Ramzan”la, qrup mərhələsinin son günündə - ayın 8-də “Krasnodar”la qarşılaşacaq. B qrupunda isə “Neftçi” (Azərbaycan), “Dinamo” (Tbilisi, Gürcüstan), “Anji” və “Yunost” (hər ikisi Rusiya) çıxış edir. Birgünlük istirahətdən sonra hər qrupun iki ən yaxşı komandası yarımfinal, digərləri 5-8-ci yerlər uğrunda matçlarda üz-üzə gələcək. İyunun 11-də isə final, həmçinin 3-cü, 5-ci, 7-ci yerlər uğrunda matçlar keçiriləcək.

Rakif Əliyevin baş məşqçisi olduğu U-14 komandamız turnirə 18 futbolçu ilə yollanıb. Heyətdə Zaur Sultanov, Süleyman Damadayev, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Xəyal Səmədov, Ülvü Mədətov, Kamal Kazımov, Nihad Cəfərov, Mehrac Baxşəliyev, Sərxan Mirzəzadə, Ümüd Həmzəyev, Cavid Rəhimov, Orxan Səlimov, Asif Məmmədov, Kənan Qaragözov, Rəşad Əmrahov, Taleh Qarayev və Anar Tağıyev yer alıb.