U-15-dən səfər qələbəsi
Xəbərlər / 14 Noyabr 2017 | 20:21382
U-15-dən səfər qələbəsi

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub. “Qəbələ” Futbol Akademiyasının komandaları müvafiq liqalarda qüvvəsini sınayıblar. Gənclər Liqasında mübarizə aparan U-19 komandamız VII  turda “Neftçi”nin qonağı olub. Görüş qolsuz bərabərliklə bitib – 0:0. 7 oyundan sonra 19 xal toplayan “qırmızı-qaralar” yarışın vahid lideridir. “Qəbələ” U-17 Liqasında “Kəpəz”in qonağı olub. 2:1 hesablı qələbə qazanan komandamız 10 oyundan sonra 26 xalla 1-ci pillədə qərarlaşıb. “Neftçi”ni qəbul edən U-16 qolsuz sülhlə kifayətlənib – 0:0. 8 oyunda 20 xal toplayan “Qəbələ” yarışın vahid lideridir. U-15 səfərdə Sumqayıt İOEUGİM-inə qalib gəlib – 3:1. 8 görüşdə 22 xal toplayan komandamız liqanın turnir cədvəlinə başçılıq edir. 

Paytaxt zonasında çıxış edən U-14 “Mançester Yunayted”lə heç-heçə edib – 0:0. 6 oyundan sonra 14 xala malik komandamız 4-cü pillədə qərarlaşıb. U-13 isə ardıcıl 7-cı qələbəsinə sevinib. Komandamız “Əlincə”dən güclü olub – 2:0. “Qırmızı-qaralar” 21 xalla zirvədə qərarlaşıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə keçirilən oyunlarında isə U-12, U-11 və U-10 komandalarımız IX turun matçlarına çıxıblar. 12 yaşadək futbolçulardan ibarət “Qəbələ” Yevlaxın “UGİM Rabitəçi”sini 4:0, UGİM isə Ağdaş UGİM-ini 5:1 hesabı ilə yenib. 9 turdan sonra ilk iki pillədə qərarlaşan təmsilçilərimizin hərəsinin 24 xalı var. U-11 Liqasında da təmsilçilərimiz eyni rəqiblərlə görüşüb. “Qəbələ” 12:1, UGİM 11:0 hesabı ilə qələbə qazanıb. 8 oyundan 24 xal toplayan “Qəbələ” 1-ci, 9 qarşılaşmada 18 xal qazanan UGİM 2-cidir. U-10 Liqasındakı üç komandamız hərəyə 3 xal qazanıb. “Qəbələ” Yevlax “UGİM Rabitəçi”sini 3:1, Gİİ Ağdaş UGİM-ini, UGİM İsmayıllı UGİM-ini eyni  - 12:0 hesabı ilə məğlubiyyətə uğradıb. 7 görüşdə 28 xal yığan “Qəbələ” 1-ci pillədədirsə, 8 matçda 18 xal toplayan Gİİ 2-ci, 15 xallı UGİM 4-cüdür. Qızlardan ibarət komandamız Yüksək liqada ardıcıl 4-cü qələbəsini qazanıb. “İnter”i 10:2 hesabı ilə yenən “qırmızı-qaralar” 12 xalla yarışın lideridir.