U-15 günü qələbə ilə qapadı
Xəbərlər / 29 Sentyabr 2013 | 20:26363
U-15 günü qələbə ilə qapadı

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirdə "Qəbələ" artıq qrup mərhələsi çərçivəsində iki oyun keçirib. İlk oyunda "qırmızı-qaralar" yerli "Çernomorets"lə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 2:4 hesabilə məğlub olub. "Qəbələ"nin heyətində Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.
 Qrupun ikinci oyununda "qırmızı-qaralar" Moldova təmsilçisi "Real-Sukçes"lə qarşılaşıb. Oyuna üstün başlayan "Qəbələ"nin bu üstünlüyü özünü hesabda da göstərib. Fərid Nəbiyevin 4-cü, İlkin Abdullayevin isə 7-ci dəqiqədə vurduğu qollar təmsilçimizi 2:0 önə çıxarıb. Rəqibin gücü isə yalnız təsəlliverici qola çatıb. Matçın son dəqiqəsində moldovanlar penalti zərbəsindən hesab arasındakı fərqi azaldıblar. Beləliklə, "Qəbələ" turnirdə keçirdiyi ikinci oyununda qələbə qazanıb - 2:1.
Qrup mərhələsinin III - son turunda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç oktyabrın 1-i Bakı vaxtı ilə saat 14:15-də baş tutacaq.