“Qəbələ” – “Qarabağ” – 0:0
Bu gün Gənclər Liqasında 2017/18 mövsümünə yekun vurulub. Yarışın son günündə XXIV turun bir qarşılaşması baş tutub. Liqanın liderləri “Qəbələ” və “Qarabağ” Sumqayıtda üz-üzə gəlib. Bu görüşədək eyni – 59 xala malik komandaların görüşündə “qırmızı-qaralar”ı heç-heçə də qane edirdi. Çünki şəxsi qarşılaşmalardakı (1:0, 2:2) üstünlük üzündən “Qəbələ”yə 1 xal da çempionluq üçün yetərli idi. Qızıl medallarla yanaşı, həm də UEFA Gənclər Liqasının Çempionlar yoluna vəsiqənin də taleyi həll olunan görüşə Famil Xəlilovun yetirmələri aşağıdakı “11-lik”lə başlayıb: Əmrah Zülfüqarlı, Rüstəm Nuruyev, Vüsal Məsimov, Osman Soltanov, Faiq Hacıyev, İlkin Abdullayev (k), İdris İnqilablı, Abbas Ağazadə, Nicat Oruclu, Əli Sadıxov, Veysəl Rzayev.
“Qırmızı-qaralar”ın heyətində Sərxan Osmanov, İzzət Müştaqov, Elmir Tağıyev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı,Əli Mürsəlov, Arsen Ağcabəyov matça ehtiyat oyunçular skamyasından başlayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən matçda qol vurulmayıb. Bu da “Qəbələ”yə qızıl medallar qazandırıb. Komandamız buna məğlubiyyətsiz nail olub. 24 görüşdə 18 qələbə qazanan futbolçularımız yalnız 6 matçda heç-heçə edib. “Qırmızı-qaralar” tarixində ikinci dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ qazanıb.
Görüşdən sonra yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”yə qızıl medallar və çempionluq kuboku təqdim olunub. Yarışın ən yaxşı bombardiri adını “qırmızı-qaralar”ın hücumçusu Kamran Quliyev qazanıb – 22 qol.
1 | Qəbələ | 24 | 18 | 6 | 0 | 61-11 | 60 |
2 | Qarabağ | 24 | 19 | 3 | 2 | 76-17 | 60 |
3 | Səbail | 24 | 17 | 2 | 5 | 56-18 | 53 |
4 | Neftçi | 24 | 13 | 4 | 7 | 45-25 | 43 |
5 | Sumqayıt | 24 | 10 | 1 | 13 | 47-53 | 31 |
6 | Keşlə | 24 | 7 | 2 | 15 | 25-51 | 23 |
7 | Neftçi İK İB | 24 | 5 | 2 | 17 | 11-57 | 17 |
8 | Zirə | 24 | 4 | 4 | 16 | 15-53 | 16 |
9 | Kəpəz | 24 | 2 | 2 | 20 | 12-63 | 8 |
Bombardirlər: Kamran Quliyev (Qəbələ) – 22 qol, Deda Yoraslav (Qarabağ) – 19 qol, Xəqani Sadıxov (Qarabağ) – 12 qol