14-cü dəfə “Neftçi”yə qarşı
Oyun icmalı / 14 Noyabr 2011 | 05:00911
14-cü dəfə “Neftçi”yə qarşı

Unibank Premyer Liqasının XIII turunda “Qəbələ” “Neftçi”ni qəbul edəcək. XIII turdakı görüşə qədər rəqiblər artıq 13 dəfə üz-üzə gəliblər. “Qəbələ”nin güclülər dəstəsində debüt etdiyi 2006/07 mövsümündən başlayan rəqabət hər mövsüm 2 oyunun baş tutması ilə əlamətdar olub. Yalnız 2009/10 mövsümü istisna olub. Həmin vaxt final mərhələsində eyni altılığa düşən “Qəbələ” və “Neftçi” daha çox – 4 dəfə üz-üzə gəliblər.

Heç vaxt kubokda qarşılaşmayan rəqiblərin çempionatdakı 13 dueli növbəli hegemonluqla müşayiət olunub. Ötən turdakı rəqib AZAL-la qarşılaşmalarda olduğu kimi “Neftçi” ilə matçları da 3 müxtəlif mərhələyə bölmək olar. Bunlardan birincisi 2006-08-ci illəri əhatə edir. Həmin vaxt əvvəl “Gilan” adlanan komandamız elitada möhkəmlənmək üzrə idi. Bu təcrübəsizlik bakılılarla görüşlərdə də hiss olunurdu. Bu üzdəndir ki ardıcıl 5 oyunda “Qəbələ” məğlub olmuşdu.

“Neftçi”nin qələbə seriyasını 2009-cu ildə dayandıran qəbələli futbolçular bu duellərdə 2-ci mərhələyə start verdi. 2010-cu ilin yayına kimi sürən dövrdə “Neftçi” qələbə üzünə həsrət qaldı. 5 görüşdə 2 qələbə qazanan “Qəbələ” həmin 5 oyunluq seriyanı 2010-cu ilin payızında davam etdirə bilmədi.

“Neftçi”nin yüksəliş dövrünün başlamasından sonra isə artıq 3 matç baş tutub. Bu görüşlərdə cəmi 1 heç-heçəsi olan “Qəbələ” son qələbəsindən sonra rəqibin qapısına yol tapa bilmir. Noyabrın 20-də baş tutacaq 14-cü görüşdə 596 günlük qol və qələbə həsrətinə son qoymaqla “Qəbələ” bu duellərdə 4-cü mərhələyə start verə bilər. 2010-cu aprelin 3-də səfərdə 2:1 hesabına sevinən “Qəbələ” bakılılarla görüşlərdə 3-cü dəfə 3 xalı bayram etməklə ümumi balansdakı fərqi də azaltmağa çalışacaq.

Qeyd edək ki, arxada qalan 13 oyunda “Neftçi” 7, “Qəbələ” 2 qələbə qazanıb, 4 dəfə isə komandalar hərəyə 1 xal qazanıblar. Top fərqi də bakılıların xeyrinədir 20:8.

“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

2006/07    30.09.2006    Neftçi (Bakı) - Gilan (Qəbələ)    4:1
2006/07    03.04.2007    Gilan (Qəbələ) - Neftçi (Bakı)    1:4
2007/08    26.08.2007    Neftçi (Bakı) - Qəbələ    2:0
2007/08    02.03.2008    Qəbələ - Neftçi (Bakı)    2:3
2008/09    24.08.2008    Qəbələ - Neftçi (Bakı)    0:1
2008/09    01.03.2009    Neftçi (Bakı) - Qəbələ    0:0
2009/10    21.10.2009    Qəbələ - Neftçi (Bakı)    1:0
2009/10    10.12.2009    Neftçi (Bakı) - Qəbələ    1:1
2009/10    03.04.2010    Neftçi (Bakı) - Qəbələ    1:2
2009/10    09.05.2010    Qəbələ - Neftçi (Bakı)    0:0
2010/11    15.08.2010    Qəbələ - Neftçi (Bakı)    0:2
2010/11    21.11.2010    Neftçi (Bakı) - Qəbələ    0:0
2011/12    18.09.2011    Neftçi (Bakı) - Qəbələ    2:0