22-ci kapitan, 71-ci qoleador, 138-ci futbolçu
Xəbərlər / 13 Avqust 2012 | 11:59303
22-ci kapitan, 71-ci qoleador, 138-ci futbolçu

Premyer Liqanın II turunda “İnter”i 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ötənilki startını təkrarladı. 1 il əvvəl də ilk turda heç-heçə edib, növbəti qarşılaşmasında qalib gələn komanda həmin vaxt olduğu kimi 2 turdan sonra 2 top vurub və 1-ni buraxmaqla 4 xal a sahibdir. Lakin “İnter”lə oyun başqa məqamlarla da diqqət çəkib.

-  Ötən mövsümün 29-cu turunda “İnter”ə səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra 5 matçdır ki, “Qəbələ” uduzmur. Üstəlik ardıcıl 7 oyundur ki, Fatih Kavlakın yetirmələri hər matçda ən azı 1 qol vurur.
-  Bu, ev oyunlarında ardıcıl 3-cü qələbə oldu.
-  “İnter”lə oyunda 1 futbolçu – Murad Musayev ilk dəfə “Qəbələ” formasında meydana çıxdı. Onun debüt etməsi ilə klub tarixində forma geyənlərin ümumi sayı 138-ə çatdı. Bu 138 futbolçudan 77-si yerli, 61-i legionerdir. 18 yaşlı debütant klub tarixinin 77-ci yerli oyunçusu oldu. 
-  Premyer Liqada “Qəbələ” forması geymiş oyunçuların sayı isə 123-ə çatdı. 
-  Komandamızda qol hesabını açan Lourival Assis Rodriges qol vuran 71-ci futbolçu kimi klub tarixinə adını yazdırıb. Bu 71 oyunçudan başqa daha 6 avtoqol da qeydə alınıb. Legioner həm də Premyer Liqada qol vuran 52-ci “Qəbələ”li oldu.
-  İki futbolçu – Aleksandr Çertoqanov və Viktor Mendi Premyer Liqa matçına 30-cu dəfə “Qəbələ” formasında çıxdı.
-  İlk dəfə komandamızı kapitan sarğısı ilə meydana çıxaran Çertoqanov buna nail olan 22-ci futbolçumuz oldu.