40-cı qol, 4-cü darmadağın
Xəbərlər / 30 Noyabr 2011 | 20:00923
40-cı qol, 4-cü darmadağın

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Neftçala” ilə oyunu  klubumuzun tarixinə bir sıra maraqlı məqamlarla düşdü. Komandamızın 3:0 hesablı qələbə qazandığı görüşdə qeydə alınan faktların çoxu isə 4 və ya 40-la ifadə olunur.

Kubokda 4-cü dubl

Matçın 2-ci dəqiqəsində hesabı açıb 56-cı dəqiqədə fərqi 2-yə çatdıran Serge Cehua “Qəbələ”nin heyətində ilk dublunu rəsmiləşdirib. Bu həm də komandamızın ölkə kuboklarında 4-cü dublu olub. Afrikalı hücumçuya qədər 2 futbolçumuz 3 müxtəlif matçda 1 oyuna 2 qol vurmuşdu. Kənan Kərimov 2, Vüsal Qarayev isə 1 dəfə buna nail olub.

2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5 Vüsal Qarayev
2008/09 29.10.2008 1/8 final Qəbələ - Turan (Tovuz) 2:1 Kənan Kərimov
2008/09 05.11.2008 1/8 final Turan (Tovuz) - Qəbələ 1:2 Kənan Kərimov
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0 Serge Cehua

40-cı qol

Fil Dişi Sahilindən olan Cehuanin vurduğu 2-ci qolun özü də yubiley əhəmiyyəti kəsb edib. Bu matçadək tarixində 38 kubok qolu olan komandamız üçün həmin top Azərbaycan kuboklarında 40-cı olub.  Saşa Yunisoğlunun bu rəqəmi 41-ə çatdırdığını da nəzərə alsaq “Qəbələ” 2005-ci ildən bu yana keçirdiyi 28 matçda 41 qol vurub.

4-cü baş məşqçi

Azərbaycan kubokunda debüt edən baş məşqçimiz Fatih Kavlak komandamızı bu yarışa çıxaran 4-cü baş məşqçi kimi tarixə düşdü. Əvvəlki 27 oyunda 3 mütəxəssis iş başında olmuşdu. Faiq Cabbarov 6, Ramiz Məmmədov 18, Toni Adams isə 3 dəfə ölkə kuboku matçında “Qəbələ”nin “sükanı arxasında” olub.

4-cü darmadağın
Azərbaycan kubokunda 28-ci oyununu keçirən “Qəbələ” rəqibini böyük hesabla məğlub edib. Bu, klubumuzun tarixində 4-cü belə haldır ki, kubok oyununda ən azı 3 top fərqilə qalib gəlmişik. Əvvəlki 3 görüş vaxtı komandamız digər adlar altında çıxış edib. “Qəbələ” adı ilə isə bu ilk kubok darmadağınıdır.

2005/06 15.10.2005 1/16 final MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0

Saşanın “4”ləri

“Neftçala” ilə oyun komandamızın kapitanı Saşa Yunisoğlu üçün də əlamətdar olub. O, “Qəbələ”nin heyətində 40-cı oyununu keçirib. Saşa yubileyini 4-cü dəfə qol vurmaqla qeyd edib. Lakin bu onun klubumuzun heyətində vurduğu ilk kubok qoludur. Həm o, həm də Cehua ilk dəfə kubok oyununda qol vurub. Bununla da ölkə kubokunda qol vuran futbolçularımızın sayı 22-yə çatıb. Çünki bu matçadək yalnız 20 oyunçumuz bunu bacarmışdı. Qeyd edək ki, daha 1 qol rəqib avtoqolu sayəsində mümkün olub. Saşa kimi yubiley oyununu keçirən Danieel Lopes Kruz isə “Qəbələ” formasında 10-cu qarşılaşmada iştirak edib.

9-cu penalti

Hakimin “Neftçala” ilə oyunun əvvəlində təyin etdiyi penalti “Qəbələ”nin kubok matçlarında vurduğu 9-cu 11 metrlik zərbə oldu. Bunların 5-i oyunda, 4-ü isə matçsonrası seriyada vurulub. 206/07 və 2007/08 mövsümlərində komandamızın yeganə penaltilərini vurmaq Samir Zərgərova həvalə olunub. İlk şansdan yararlanana futbolçumuz 2-ci zərbədə qeyri-dəqiq olub. Növbəti 2 mövsümdə isə ələ düşən hər imkan Kənan Kərimova həvalə olunub. O da hər 2 halda dəqiq olub. Bu dəfə isə Cehua oyundakı penaltilərin sayını 5-ə çatdırıb, 4-cü dəqiq zərbənin müəllifi oldu. 2007/08 mövsümündə “Bakı” ilə oyunun penaltilər seriyasında isə komandamız 4 zərbənin 4-ü də qola çevirmişdi. Həmin vaxt Anatoli Tebloyev, Georgi Qabidauri, Samir Zərgərov və Vüqar Həsənov 11 metrlik zərbədən komandamıza qol sevinci gətirmişdi.


“Qəbələ”nin ilk şotlandiyalısı

Bu arada “Neftçala” ilə matçda “Qəbələ”də daha bir futbolçu debüt edib. Bu, Şotlandiya yığmasının sabiq qapıçısı Qrem Smitdir. Kubok oyununadək 126 futbolçu komandamızın formasını geymişdisə, debüt etməklə Qrem bu siyahıya 127-ci kimi daxil olub. O, ölkəsinin “Qəbələ”də ilk futbolçusu olub. Ona qədər heç bir şotlandiyalı “Qəbələ” forması geyməmişdi. Düzdür, Smit kimi Böyük Britaniya pasportu daşıyan Terri Kuk da komandamızda çıxış edib. Lakin Birləşmiş Krallığı təmsil edən bu 2 oyunçunun futbol vətəndaşlığı fərqlidir. Kuk İngiltərə, Smit isə Şotlandiya futbolçusu sayılır.

Qremə qədər 55 legionerə güvənən “Qəbələ” son matçadək 24 ölkədən olan əcnəbilərə bel bağlamışdı. 56-cı olan qapıçının təmsil etdiyi Şotlandiya isə bu siyahıya 25-ci ölkə kimi daxil olub. Tarixi ərzində “Qəbələ”də Gürcüstan – 9, Braziliya, Rusiya – hərəyə 6, Serbiya, Ukrayna – hərəyə 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya – hərəyə 2 futbolçu ilə təmsil olunub. Digər 15 ölkə - Argentina, Qvineya, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka və Şotlandiya isə 1 oyunçu verib. Bu 56 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.

Qeyd edək ki, klub tarixinin 127 futbolçusundan 93-ü Azərbaycan kubokunda forma geyib.