Antalyada son sınaq
Xəbərlər / 2 Fevral 2018 | 22:10258
Antalyada son sınaq

2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” qış fasiləsində son sınağında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gələn komandamız 6-cı görüşündə qüvvəsini sınayacaq.

Bu klubun əsası 1979-cu ildə Tetovo şəhərində yaşayan albaniyalılar tərəfindən qoyulub. Yuqoslaviya dövründə aşağı liqalarda mübarizə aparan “Şkendiya” Makedoniyanın müstəqillik əldə etməsindən sonra yeni dönəmə start verib. Həmin vaxtdan ölkə çempionatı və kubokunda iddiaları böyüyən komanda avrokuboklar həyəcanı da yaşamağa müvəffəq olub. Düzdür, “Şkendiya”nın qitə miqyaslı turnirlərdə ən böyük uğuru son 2 mövsüm əldə olunan UEFA Avropa Liqasının pley-off mərhələsidir. 2010-2011-ci illər mövsümündə ölkə çempionu, növbəti il bürünc mükafat qazanan tetovolular son iki turniri (2015-2016, 2016-2017) 2-ci yerdə başa vurub. “Şkendiya” 2015-2016-cı illər mövsümündə kubok, 2011-ci ildə Superkuboku qazanıb.

“Qəbələ” bu rəqiblə artıq bir dəfə yoxlama oyunu keçirib. Bir il öncə qış toplanışını məhz “Şkendiya” ilə görüşlə başa vuran komandamız 2017-ci il yanvarın 24-də keçirilən görüşdə 2:1 hesablı qələbə qazanıb. Həmin qarşılaşmada “qırmızı-qaralar”ın heyətində Filip Ozobiç 38-ci, Araz Abdullayev 77-ci dəqiqədə fərqlənibsə, rəqibin qoluna 89-cu dəqiqədə Yuri Çolak imza atıb.

Sabah keçiriləcək “Qəbələ” - “Şkendiya” qarşılaşması “Gloria” otelinin meydançalarında baş tutacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Yoxlama oyunu

3 fevral

18:00. “Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya)

“Gloria” otelinin meydançaları