Ardıcıl ikinci heç-heçə
Oyun icmalı / 28 Sentyabr 2014 | 17:26984
Ardıcıl ikinci heç-heçə

“Qəbələ” 1-1 “Xəzər Lənkəran”

28 sentyabr 2014. Saat 19:00. Qəbələ şəhər stadionu,1500 tamaşaçı 
Baş hakim: Ömər Paşayev 
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Elşən Acalov 
Dördüncü hakim: Ramil Məmmədov 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr:  Cavid Hüseynov, 41 (Hakim qərarına etiraz etdiyinə görə); Elvin Camalov, 49 (Qeyri idman hərəkəti); Aleksandru Benqa, 58 (Qeyri idman hərəkəti); Ruslan Abışov, 70 (Qeyri idman hərəkəti) // Rasim Ramaldanov, 21 (Sistematik qayda pozuntusu); Vanderson Skarduelli, 80 (Qeyri idman hərəkəti)
Qollar: Cavid Hüseynov, 47 // Deyan Blajevski, 84 
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4  dəq.

Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Milli komandaların oyunları ilə əlaqədar baş tutan son qarşılaşmada “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edib. Ardıcıl ikinci ev matçını keçirən “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu “Neftçi” ilə ötən turun oyunuyla müqayisədə müəyyən dəyişikliklərə əl atıb. Cəzası başa çatan Aleksandru Benqa, həmçinin Andrey Kristea, Pinto Qomeş Yazalde və Elvin Camalova əsas heyətində yer verib. Sarı vərəqə limiti üzündən qarşılaşmanı buraxmalı olan Adrian Ropotan, həmçinin Viktor Mendi, Markinyos və Ekiqo Ehiosun isə “11-lik”dən kənar düşüb.

Görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, qapılar önündə ciddi təhlükə yaranmayıb. Qonaqların daha fəal göründüyü 45 dəqiqədə “Qəbələ”nin hücum xətti o qədər də kəsərli təsir bağışlamayıb. Dodonun zədəli olması, Mendi və Ekiqonun yoxluğu buna təsir göstərmişdi. Bunun nəticəsidir ki, “qırmızı-qaralar”ın rəqib qapısı önündə ən yaddaqalan epizodları hissənin sonlarına təsadüf edib. Sağ cinahdan Kristeanın cərimə meydanında hava ötürməsini qapayan olmayıb. Bundan sonra Cavid Hüseynov iki dəfə rəqib qapıçıya gərginlik yaşatmağa yaxın olub. Əvvəl Yazaldenin soldan ötürməsini başla tamamlayan yarımmüdafiəçi çərçivəyə düşməyib. İlk yarının son dəqiqəsində isə Kristeanın sağdan ötürməsinə çatmayan futbolçu qapıçı ilə üz-üzə qalmaq imkanını qaçırıb.
İkinci hissə isə qolla başlayıb. Sağ cinahdan topu oyuna daxil edən Əmircanov aut atışı ilə cərimə meydanındakı Yazaldeni tapıb. Qapıçıyla üz-üzə qalan legionerin zərbəsini Cahangir Həsənzadə dəf edib. Amma özünü yetirən Cavid müdafiəçilərlə mübarizədə daha cəld tərpənib, mövsümdə 3-cü qolunu vurub. Bu qoldan sonra daha da fəallaşan “Qəbələ” böyük üstünlüyə yiyələnib. Hər iki cinahla ardıcıl hücumlar təşkil edən Muntyanunun yetirmələri fərqi artırmaq üçün səy göstərib. Lakin qonaqların qapısı önüdə real qol vəziyyəti yaranmayıb. Matçın təxminən son 15 dəqiqəsində isə “Xəzər Lənkəran” oyunda tarazlıq yaradıb. Cənubluların məğlubiyyətdən xilas olmaq üçün böyük qüvvəylə irəli atılması “qırmızı-qaralar”a əks-hücum imkanları yaradıb. Belə vəziyyətlərin birində topu ələ keçirən Yazalde cərimə meydanındakı Cavidə ötürmə etsə də, müdafiəçinin topa toxunuşu real qol vəziyyətinin yaranmasına mane olub. Az keçməmiş qonaqlar bərabərlik qolunu vurub. Sadio Tounkaranın sağ cinahdan ötürməsi zamanı “Qəbələ” müdafiəsindəki ani anlaşılmazlıq Deyan Blajevskinin əlverişli mövqedə topa yiyələnib fərqlənməsi ilə nəticələnib. Bundan sonra meydan sahibləri qələbə qolu üçün irəli atılsa da, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, ardıcıl 2-ci ev oyununda heç-heçə edən “Qəbələ” 7 turdan sonra aktivindəki 11 xalla 4-cü pillədə qərarlaşıb.

“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
7. Ruslan Əmircanov
11. Andrei Kristea
(9. Viktor Mendi, 67)
12. Aleksandru Benqa
14. Cavid Hüseynov
(16. Ruslan Tağızadə, 86)
15. Ruslan Abışov
21. Yazalde de Pinto
26. Pavol Farkaş
34. Urfan Abbasov
44. Rafael Santos

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
3. Şirməmməd Məmmədov
13. Murad Musayev
88. Müşfiq Teymurov
90. Ekiqo Ehiosun

Baş məşqçi: Dorinel Munteanu

“Xəzər Lənkəran”  
12. Cahangir Həsənzadə
3. Vanderson Skarduelli
5. Tyeqo de Xesus
6. Rəşad Sadiqov
(99. Deyan Blajevski, 83)
7. Sadio Tounkara
8. Qalin İvanov
(28. Fernando Qabriel, 70)
11. Rauf Əliyev 
14. Rahid Əmirquliyev (k)
27. Adrian Skarlatake
33. Rasim Ramaldanov
(18. Tural Cəlilov, 46)
55. Ağabala Ramazanov

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
10. Elnur Abdullayev
13. Aleksandr Şemonayev
97. Elnur Cəfərov

Baş məşqçi: Oğuz Çətin