«Bakı» Qəbələdən 3 xalla ayrıldı
Oyun icmalı / 2 Dekabr 2012 | 12:21449
«Bakı» Qəbələdən 3 xalla ayrıldı

"Qəbələ" - "Bakı" 0:2

2 dekabr 2012. Saat 14:00. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor:  Murad Məmmədov
Sarı vərəqələr: Daniel Lopes Kruz, 25 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 75 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) // Lukas Mario Horvat, 10 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 33 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Deividas Çesnauskis, 62 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 78 (bilərəkdən vaxtı gecikdirdiyinə görə); Aleksandar Şoliç, 80 (hakimə etiraz); Edin Nuredinoski, 90+3 (bilərəkdən vaxtı gecikdirdiyinə görə)
Qollar: Vilson Junior, 53; Nurlan Novruzov, 83
Artırılan vaxt: I hissədə -  yoxdur; II hissədə - 4 dəq.

Son vaxtlar yüksəlişdə olan komandamız kubok da daxil olmaqla, bu matça ardıcıl 5 qələbə qazanmış kollektiv kimi çıxmışdı. Amma məşqçilər korpusu iki aparıcı oyunçunun xidmətindən məhrum idi. Belə ki, kapitan Rəşad Abdullayev və ən təhlükəli oyunçularımızdan biri Dodo cəza səbəbindən görüşü buraxırdı. Mövsümün əvvəlindən zədəli olan Vurğun Hüseynov 3 aydan sonra "18-lik"də yer aldı və hadisələri qabaqlayaraq deyək ki, ikinci hissədə meydançaya çıxmaq imkanı da qazandı.
Oyuna gəlincə, komandamız ilk dəqiqələrdən oyuna nəzarəti ələ keçirmişdi və hücumlar qururdu. Dodonun yoxluğunda irəlidə liderlik funksiyasını Assis öz üzərinə götürmüşdü. Braziliyalı işinin öhdəsindən layiqincə gəlirdi. Çünki qurulan bütün hücumlarda fəal iştirak edirdi. 12-ci dəqiqədə rəqibin müdafiə xəttində yaranmış ani çaşqınlıq nəticəsində zərbə mövqeyinə çıxan Rövşən Əmiraslanov bundan yararlana bilmədi. Assisin irəlidəki fəallığı "Bakı"nın qapıçısı Nuredinoskini daim gərginlikdə saxlayırdı. Bir epizodda yarımmüdafiəçi sağ cinahdan topu düz Mendinin önünə atdı. Lakin hücumçu bomboş vəziyyətdə başla çərçivəyə düşə bilmədi. 38-ci dəqiqədə sol cinahdan sürətlə cərimə meydançasına daxil olan Assisin zərbəsinə bu dəfə qolkiper düzgün reaksiya verdi. Komandamızın aşkar üstünlüyü şəraitində keçən ilk 45 dəqiqədə qol vurmaq mümkün olmadı.
"Qəbələ"miz ikinci hissəyə də eyni tempdə başladı. Yenə Assis ön planda idi. 50-ci dəqiqədə onun uzaq məsafədən zərbəsini Nuredinoski əla reaksiya isə çıxardı. Cəmi 1 dəqiqə sonra bu dəfə Kalabane başla topu düz qolkiperin üstünə vurdu. "Vurmayana vurarlar" prinsipi bu görüşdə də özünü doğrultdu. Belə ki, 53-cü dəqiqədə "Bakı" təşkil etdiyi ilk ciddi hücumdaca fərqlənməyə müvəffəq oldu. Daha doğrusu, bu heç təşkil olunmuş hücum da deyildi. Sadəcə olaraq, Juninyonun uzaq məsafədən zərbəsi qapıdan keçdi. Sürpriz qol da komandamızı həvəsdən salmadı. Hətta 57-ci dəqiqədə bərabərlik qolunu da vura bilərdik. Amma Çertoqanovun qüvvətli zərbəsi zamanı Nuredinoski yenə sayıqlığı əldən vermədi. Aramsız hücumlarımıza baxmayaraq, sona 7 dəqiqə qalmış rəqib ikinci qolu vurdu. Qapıçı ilə təkbətək çıxan Nurlan Novruzov imkanı qaçırmadı. Bununla da komandamızın ardıcıl qələbələr seriyasına son qoyuldu.

Bojidar Bandoviç: “Çox çətin oyun oldu, futbolçuların çıxışından razıyam. Matça pis başladıq, lakin hesabı bizim açmağımız yaxşı oldu. Bundan sonra komanda daha yaxşı oynadı. “Qəbələ”ni gözəl oyuna görə təbrik edirəm. Biz isə qələbəni bu gün ad gününü qeyd edən klubumuzun prezidenti Hafiz Məmmədova həsr edirik”.

Ramiz Məmmədov: “Komandamdan razıyam, ilk hissədə 3 real qol imkanı yaratdıq. Təəssüf ki, bundan faydalana bilmədik. İkinci hissədə isə daha çox imkanımız oldu və bunlardan da istifadə edə bilmədik. Dodo və Rəşadın bu gün heyətdə olmaması oyunumuza təsir etdi. Yolumuza davam edirik, gələcək görüşlərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.


“Qəbələ”

25. Dieqo Kosta Silva
9. Viktor Mendi 
11. Yannik Kamanan (k)
15. Umar Kalabane 
(5. Muammer Erdoğdu, dəq.77)
18. Aleksandr Çertoqanov
19. Rövşən Əmiraslanov
(3. Vurğun Hüseynov, dəq.64)
22. Lourival Rodriqes 
23. Şəhriyar Xəlilov 
26. Daniel Lopes Kruz
(8. Bruno Da Silva, dəq.76)
34. Ürfan Abbasov
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

30. Anar Nəzirov 
7. Yaşar Abuzərov 
21. Elmar Baxşıyev
38. Muşfiq Teymurov

Baş məşqçi: Ramiz Məmmədov

“Bakı”

82. Edin Nuredinoski
2. Edemir Rodrigez
3. Deniss İvanovs
6. İbrahim Karqbo
25. Şəhriyar Əliyev
7. Deividas Çesnauskis
(77. Aleksandar Soliç, dəq.78)
10. Lukas Mario Horvat 
8. Junior Vilson 
18. Tural Qürbətov
(19. Nurlan Novruzov, dəq.59)
11. Elvin Məmmədov (k)
17. Ramazan Abbasov 
(29. Əziz Quliyev, dəq.90+2)
 
Ehtiyat oyunçular:

16. Aqil Məmmədov
24. Nenad Kovaçeviç
23. Maris Verpakovskis
14. Elvin Əliyev

Baş məşqçi: Bojidar Bandoviç