Bəxtiyar Abbasov vacib döyüş öncəsi nə dedi? - Fotolar
Cüdo / 20 May 2014 | 12:56956
Bəxtiyar Abbasov vacib döyüş öncəsi nə dedi? - Fotolar

Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasovun mayın 30-da "One Fighting Championship" turnirində Ben Askrenlə qarşılaşma öncəsi mətbuat konfransı təşkil olunub. Tədbiri açan “Qəbələ”nin döyüş növləri koordinatoru Səbuhi Qarayev öncə klubun müxtəlif idman növləri ilə bağlı gördüyü işlər baradə məlumat verib.

Daha sonra söz MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərova verilib. Əsgərov Azərbaycanda Bəxtiyar kimi idmançının olmasını fəxr adlandırıb: “Bir çox ölkələr bu yarışa həsəd aparırlar. Bəxtiyar isə artıq müqavilə bağlayıb və hamımız ona inanırıq”.

Bəxtiyar Abbasov Askrenə qalib gələcəyinə böyük ümid bəslədiyini vurğulayıb. O bildirib ki, Sinqapurdan qələbə ilə dönəcəyinə heç bir şübhəsi yoxdur: “Düzdür, rəqibim hələ uduzmayıb, 12 döyüşünün hamısını qalib kimi başa vurub. Özü də qalib gəldikdən sonra güclü idmançı olduğunu deyir. İnşallah, mən qalib gələrək, ona “Qəbələ”də və Azərbaycanda necə güclü idmançılar olduğunu göstərərəm”.

Daha öncə güləş və sambo ilə məşğul olan Abbasov rəqibinin döyüş üslubunu bildiyini və buna əks taktika hazırladığını açıqlayıb: “Rəqib Olimpiya, dünya mükafatçısıdır. 12 döyüşünün hamısına baxmışam, bu qarşılaşmalarında parterdə rəqibini boğub qalib gəlib. Çalışıb ayaqüstə döyüşəcəm və çıxışımı nokautala bitirəcəm. Ona qalib gəlsəm, yapon idmançısı ilə dünya kəməri üçün vuruşacağam”.

GEFC Beynəlxalq MMA Liqasının vitse-prezidenti, Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov Bəxtiyarın hazırlığını mükəmməl adlandırıb. Onun sözlərinə görə, bu döyüş üçün Kiyevdə ulduz idnaçılarla başlayan təlim-məşq toplanışı Bakıda davam etdirilib: “Düzdür, qardaşım 16 kq çəki salıb. Lakin buna baxmayaraq, hər şey yüksək səviyyədədir. Hələ vaxtlar var və mayın 26-da yola düşürük. Sinqapurda həmin gün 10 döyüş olacaq ki, bu, gecənin qarşılaşması hesab olunur. Qalib gələn dünya kəməri uğrunda vuruşacaq”.

Abbasovun sözlərinə görə, Bəxtiyarın bu gecədə mübarizə aparması “Qəbələ” İdman Klubunun, federasiyanın uğurunun göstəricisidir: “Rəqib dünya reytinqində 5-ci, Bəxtiyar 129-cudur. Həmin döyüşdə tarixi bir gün yaşayacağıq. Qələbənin bizimlə olacağına inanıram. Finalın ölkəmizdə canlı yayımı olacaq. Həmçinin, yarışın rəsmi saytı ilə birbaşa göstəriləcək”.

“Pro-Rinq” peşəkar klubunun prezidenti, Abbasovun məşqçisi Rövşən Heybətov da yetirməsinin əziyyətlərini layiqincə qiymətləndirəcəyinə inanır: “O, hazırda çox yaxşı formadadır və biz Sinqapura qələbə ardınca gedirik. Çünki Abbasov bir çox idmançı arasından seçilib. Rəqib çox təcrübəli, güclüdür və hələ uduzmayıb. Bəxtiyar üçün Askrenlə üz-üzə gəlməyin özü də bir uğurdur. Amma idmançımızın özünü doğruldacağına inanıram. Dəstək yüksəkdir və bunu layiqincə qiymətləndirməliyik”.