Boksçumuzdan gümüş medal
Boks / 21 Avqust 2016 | 18:47576
Boksçumuzdan gümüş medal

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarında final qarşılaşmaları baş tutub. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Lorenzo Sotomayor həlledici qarşılaşmada qüvvəsini sınayıb. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız Özbəkistan boksçusu Fazliddin Qaibnazarovla qarşılaşıb. Sotomayor ilk raundda qalib gəlsə də, növbəti iki hissədə üstünlüyünü qoruya bilməyib. Yekunda 1:2 (28:29, 28:29, 29:28) hesabı ilə uduzan Lorenzo Rio-2016-nı gümüş mükafatla başa vurub. Bu, boksçumuzun Olimpiya Oyunlarında ilk məğlubiyyəti olub. 1/16 finalda ukraynalı Vladimir Matviyçuku, 1/8 finalda fransalı Hassan Amzili, 1/4 finalda Kuba təmsilçisi Yasnier Toledonu, 1/2 finalda erməni əsilli Almaniya boksçusu Artyom Arutyunyanı məğlub edən Sotomayor yalnız finalda rinqdən qələbəsiz ayrılıb.
Xatırladaq ki, “Qəbələ” İdman Klubunun təmsilçiləri bu gün bağlanış mərasimi keçiriləcək XXXI Yay Olimpiya Oyunlarını 3 medalla başa vurub. Yarışa qatılan 4 idmançımızdan biri gümüş, ikisi bürünc əldə edib. Sotomayor gümüşə yiyələnibsə, digər boksçumuz Kamran Şahsuvarlı (75 kq) və taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) bürünc medal əldə edib.