Coca-Cola Məktəbli Kuboku start götürdü
Xəbərlər / 6 Mart 2012 | 08:56804
Coca-Cola Məktəbli Kuboku start götürdü

Martın 1-də “Qəbələ FK” Futbolun Kütləviləşdirilməsi Departamenti  (FKD) və AFFA-nın birgə təşkilatçılığı ilə Qəbələ rayonu üzrə məktəblilər arasında “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib. Bu, “Qəbələ FK” FKD və AFFA-nın birgə keçirdiyi ikinci belə turnirdir. İlk turnirdən fərqli olaraq,turnirin budəfəki qalibi Qəbələ rayonunu Azərbaycan üzrə yarışda təmsil etmək hüququ qazanacaq.  Turnirdə rayonun 25 məktəbinin komandası iştirak edir. 

Turnir Böyük Əmili kənd stadionunda 5 məktəb komandasının iştirakı ilə keçirilən oyunlarla başlanıb. İlk oyunlarda Nic 4, Mıxlıqovaq, Yemişənli, Mirzəbəyli və Çuxur Qəbələ kənd məktəblərinin komandaları üz-üzə gəliblər. Reqlamentə əsasən, turnirdə çıxış edən 5 məktəb komandasından ən yaxşı nəticə göstərən iki komanda növbəti mərhələyə adlayır.

Oyunlarda bu nəticələr qeydə alınıb: 

Mirzəbəyli-Yemişənli-2:4
Mıxlıqovaq- Çuxur Qəbələ - 0:2
Mirzəbəyli - Nic 4 - 1:1
Yemişənli – Çuxur Qəbələ- 1:0
Mirzəbəyli - ÇuxurQəbələ - 0:1
Nic 4- Mıxlıqovaq - 2:4
Mirzəbəyli -Mıxlıqovaq - 0:6
Nic 4- Yemişənli -0:2
Mıxlıqovaq-Yemişənli -1:2
Çuxur Qəbələ-Nic 4 -1:2.

Keçirdiyi 5 matçın hamısında qalib gələn Yemişənli kənd tam orta məktəbi 12 xalla birinci olub. Növbəti mərhələyə çıxan ikinci komanda Mıxlıqovaq kənd tam orta məktəbi olub (6 xal).Qeyd edək ki, Çuxur Qəbələ və Mıxlıqovaq kənd tam orta məktəblərinin xalları eyni olsa da, Mıxlıqovaq məktəbliləri vurulan topların sayına görə üstün olublar. 
Turnirin sonunda “Qəbələ” FK FKD məktəblilərə Qəbələ FK-nın qələm və sertifikatlarını, AFFA isə hər məktəbə bir top, məşqçilərə üzərində“Coca-Cola” yazısı olan köynək hədiyyə edib. 

Qeyd edək ki, “Qəbələ” FK FKD və Qəbələ Futbol Akademiyasının məşqçiləri turnirdə potensialı olan oyunçuları seçib, öz məşqlərinə dəvət edəcəklər.