«Düzgün qidalanmanı futbolçuların həyatında vərdişə çevirməyi hədəfləyirik»
Xəbərlər / 29 Yanvar 2012 | 20:001070
«Düzgün qidalanmanı futbolçuların həyatında vərdişə çevirməyi hədəfləyirik»

Futbolçuların meydançadakı performansı birbaşa onların meydançadan kənardakı həyatı ilə bağlıdır. Bu mənada ilkin olaraq futbolçunun fiziki hazırlığı, məşq prosesləri ön plana çıxır. Amma peşəkar klubların və onlara aid olan futbolçuların gündəlik rejiminə diqqət yetirsək, düzgün qidalanmanın futbolçunun həyatında nə dərəcədə ciddi rol oynadığını görərik.

Bu məsələnin ciddiyətini nəzərə alan “Qəbələ”nin son addımı da məhz futbolçuların duzgün qidalanmasına, daha sağlam, dözümlü və güclü olmasına hesablanıb. Belə ki, Marmara Universitetinin professoru, idmançıların düzgün qidalanması üzrə ixtisaslaşmış, ilk dəfə Türkiyədə bu sahəni futbolda tətbiq edən, daha öncə 7 il bu sahə üzrə “Beşiktaş” klubunda fəaliyyət göstərmiş Aysel Pehlivan “Qəbələ”nin Antalya düşərgəsinə dəvət olunub. Aysel xanım ikigünlük səfəri zamanı heyətdəki futbolçuların hər biri ilə təklikdə görüşüb, onların qidalanma və çəki ilə bağlı problemlərini dinləyib və bu barədə həm futbolçulara, həm də məşqçilərə lazımi məsləhətlər verib. Yekunda isə məşqçi və futbolçu heyətinin iştirakı ilə seminar təşkil olunub. Toplantıda oyundan öncəki və oyun günləri tətbiq olunması vacib sayılan yemək və içki rasionları barədə məlumat və tapşırıqlar verilib, futbolçuları maraqlandıran suallar cavablandırılıb. 

Seminardan sonra Aysel Pehlivan gabalafc.az-a düzgün və sağlam qidalanma barədə maraqlı açıqlamalar verib:

- Düşərgənizdə maraqlı 2 gün keçirdim. Gəlişimin məqsədi futbolçuların qidalanmasını və çəkilərini nəzərdən keçirmək, onları narahat edən problemləri dinləmək və bunlarla bağlı çıxış yolu göstərmək idi. Bütün futbolçuların çəkilərini yoxladıq, artıq və əskik çəkisi olan olan futbolçulara məsləhətlərimizi verdik. Bundan əlavə Qəbələdəki qidalanma rejimi və menyu ilə tanış oldum. Məşqçilərə menyuya hansı əlavələr edilə biləcəyi barədə fikirlərimi bildirdim. İlkin mərhələdə lazımı tapşırıqlar verildi. Qərara gəldik ki, bu prosesi müəyyən zaman aralığı ilə daim həyata keçirək. İki ay sonra yenidən bu prosesi təkrarlamağı və tapşırıqlarımızın futbolçulara necə təsir etdiyini yoxlamağı planlaşdırırıq. Bu gedişlə düzgün qidalanmanı futbolçuların həyatında vərdişə çevirməyi hədəfləyirik.

- Gündəlik rejimdə istifadə edilən, artıq çəkiyə və digər problemlərə səbəb olan qidalar hansılardır?

- Artıq çəkiyə səbəb olan və çox istifadə olunan 1 nömrəli qida şəkərdir. Gün ərzində normadan artıq qəbul olunan ağ şəkər dolayı yolla piylənməyə səbəb olur. Əgər idmançı çoxlu şirniyyat qəbul edirsə, bu onun çəkisində özünü mütləq əks etdirir. Yaxşı olardı kı, idmançılar bədənin tələb etdiyi şəkəri təbii qidalar – meyvələr və tərəvəzlər vasitəsilə qəbul etsinlər. Alkoqollu içkilər də artıq çəkiyə səbəb olur. Futbolçular düşünür ki, çörək yemək onlarda problem yarada bilər. Amma bu tamamilə yanlış məlumatdır. Çörək çox vacib qidadır. Amma idmançıların ağ çörəkdən deyil, qara – kəpəkli çörəkdən istifadə etməsi vacibdir.