Elnurun rekordunu Elnur qırdı
Xəbərlər / 30 Aprel 2012 | 20:37337
Elnurun rekordunu Elnur qırdı

"Qəbələ”nin futbolçusu Elnur Mustafazadə klubun tarixinə düşüb. Unibank Premyer Liqasının XXX turunun “Bakı” ilə qarşılaşmasının 78-ci dəqiqəsində meydana daxil olan "Qəbələ" Futbol Akademiyasının yetirməsi klub tarixinin ən gənc oyunçusu olub.

1995-ci il sentyabrın 14-də anadan olan Elnur aprelin 29-dakı matçda heç 17 yaşı olmamış iştirak edib. 16 yaş 7 ay 25 günlüyündə “Qəbələ”də debüt edən Mustafazadə klub rekordunu yeniləyib. O, 7 illik rekordu arxada qoyub.

Belə ki, “Qəbələ”nin rekordu 2005-ci ildə qeydə alınmışdı. Komanda Xanları təmsil edib “Göy-Göl” adlandığı vaxt keçirdiyi ilk qarşılaşmada Elnur Allahverdiyev debüt etmişdi. 2005-ci il sentyabrın 21-də birinci dəstənin ilk turunun “Şərur”la oyununda meydana çıxan gənc futbolçu 17 yaş 7 günlüyündə buna nail olmuşdu. 1988-ci il sentyabrın 14-də anadan olan Elnurun rekordu yalnız 7 ildən sonra Premyer Liqada qırıldı. Maraqlısı odur ki, Elnurun rekordunu elə adaşı Elnur qırdı.

Sözügedən 2 futbolçudan başqa daha 1 oyunçu 18 yaşı tamam olmamış “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Bu, Mustafazadəyə qədər Premyer Liqa oyunlarında “Qəbələ” forması geymiş ən gənc futbolçu olan Nuran Qurbanovdur. 1993-cü il avqustun 10-da anadan olan futbolçu ötən mövsüm komandada debüt edib. O, 2011-cu fevralın 27-də “Gəncə” ilə qarşılaşmada meydana çıxanda 17 yaş 6 ay 19 günlüyündə olub.

Qeyd edək ki, komandanın daha 2 üzvü Tarzin Cahangirov və Amil Yunanov 18 yaşını qeyd etdikdən sonra meydana çıxıblar.