Fariz Məmmədov 2013-ə qələbə ilə başladı
Boks / 24 Mart 2013 | 11:00542
Fariz Məmmədov 2013-ə qələbə ilə başladı

Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb.

Dünən Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə F.Məmmədov 36 yaşlı polşalı boksçu Mariuzs Biskupski ilə üz-üzə gəlib. Gərgin keçən altı raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə yekunlaşıb. Döyüş ərzində boksçumuz rəqibini iki dəfə noqdauna salıb.

Xatırladaq ki, bu, səkkiz illik fasilədən sonra F.Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Bundan əvvəl o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlmişdi.

Döyüşdən sonra gabalafc.az-a açıqlamasında Fariz Məmmədov döyüşün ağır keçdiyini, lakin söz verdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib:
"Döyüşə yaxşı hazırlaşmışdım. Artıq iki ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Peşəkar boksda belə gedişlər hər zaman olur. Dediyim kimi polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi. Mən layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım".

Fariz Məmmədov bu qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu, "Qəbələ" Futbol Klubunun sabiq əməkdaşı Mübariz Nəcəfova həsr etdiyini söyləyib:
"Bu döyüşə Mübarizlə birlikdə gəlməyi planlaşdırmışdıq. Dostumun vaxtsız vəfatı bu planımızın reallaşmasına imkan vermədi. Qələbəni Mübarizə həsr edirəm. Ruhu şad olsun".