Fariz Məmmədov Avropa çempionluğu uğrunda döyüşə hazırlaşır
Boks / 12 Oktyabr 2013 | 10:53669
Fariz Məmmədov Avropa çempionluğu uğrunda döyüşə hazırlaşır

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov növbəti döyüşə hazırlaşır. Bu barədə gabalafc.az-a açıqlama verən boksçu növbəti döyüşdə Avropa çempionluğu uğrunda rinqə çıxacağını bildirdi. O, rəqibi barədə də məlumat verdi:

“Növbəti döyüşüm “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə dekabr ayının ortalarına planlaşdırılıb. Bu iki versiya -  WBO və IBF Avropa Çempionluğu uğrunda döyüş olacaq. Bakıda baş tutacaq görüşdə Almaniya təmsilçisi Mattias Pelklə qarşılaşacağam. O, peşəkar boksda 20 döyüş keçirib və bütün döyüşlərdə qalib gəlib. Qarşılaşma “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Həmin gün bu döyüşdən əlavə Azərbaycanın peşəkar boksçuları müxtəlif titullar uğrunda rinqə çıxacaqlar”. 

Hazırda Qəbələdə təlim-məşq toplanışında olan Məmmədov düşərgədə yalnız olmadığını, ukraynalı 2 peşəkar boksçu ilə birlikdə məşqlərə qatıldığını bildirdi. Döyüşçü qarşıdakı hazırlıq planı barədə də açıqlama verdi:

Oktyabrın 9-dan etibarən Qəbələdə təlim-məşq toplanışına start vermişik. Məşqlərimiz ilkin mərhələdə ümumi fiziki hazırlıqdan ibarətdir. Hazırlığımızın Qəbələ bölümü 2 həftə çəkəcək. Təlim məşq toplanışında iki ukraynalı boksçu da iştirak edir. Onlardan biri Ukraynanın tanınmış boksçusu, WBO versiyası üzrə  Avropa Çempionu Sergey Fedçenkodur. Digəri isə gənc və perspektivli boksçu, 61 kq çəki dərəcəsində döyüşən Valentin Qolovkodur. O, indiyə qədər peşəkar rinqdə keçirdiyi 20 görüşün hamısında qələbə qazanıb.  Onların da dekabr ayının ortalarında döyüşləri var. Biz eyni məşqçinin – Ukraynanın 1 nömrəli boks məşqçisi Viktor Demçenkonun rəhbərliyi altında hazırlaşırıq.  Adıçəkilən boksçular da onun tələbələridir. Hazırda Demçenko Qəbələdə deyil. Bizə hazırlıqda “Qəbələ” İdman Klubunun boks bölməsinin məşqçisi Ramiz Mirkamilov yardımçı olur. Oktyabrın 24-də isə Ukraynaya yola düşəcəyik. Sözügedən ölkədə 6 həftəlik təlim-məşq toplanışımız olacaq”.