Fariz Məmmədov Avropa çempionuna qarşı
Boks / 8 Dekabr 2014 | 14:47594
Fariz Məmmədov Avropa çempionuna qarşı

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. İdmançımızın rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.

Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.