Fariz Məmmədov Matias Pelkə qarşı - PRESS-RELİZ
Boks / 6 Dekabr 2013 | 15:42975
Fariz Məmmədov Matias Pelkə qarşı - PRESS-RELİZ

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. İlk dəfə olaraq doğma məkanda "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandalarını üz-üzə gətirən klubumuz bu dəfə daha möhtəşəm boks matçına ev sahibliyi edəcək. Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün  Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. 12 raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmaya qədər açıq məşqin, boksçuların iştirakı ilə mətbuat konfransının və çəkiölçmə mərasiminin keçirilməsi planlaşdırılır.

Açıq məşq

Açıq məşq dekabrın 9-da Bakıda “Park Bulvar” Əyləncə və İstirahət Mərkəzində keçiriləcək. Məşq saat 19:00-da start götürəcək.

Mətbuat konfransı

Fariz Məmmədov və Matias Pelkin iştirakı ilə baş tutacaq mətbuat konfransı Bakıda “Qafqaz Point” Otelində təşkil olunacaq. Konfrans dekabrın 10-da saat 12:00-da başlayacaq.

Çəkiölçmə 

Çəkiölçmə mərasimi Qəbələdə “Qafqaz Sport” otelində baş tutacaq. Dekabrın 13-ü keçirilməsi planlaşdırılan tədbir saat 12:00-da start götürəcək.

Döyüş

Matç dekabrın 14-ü saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşma “Eurosport” və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.