Fatih Kavlak: “Hədəfimiz 3 xaldır”
Xəbərlər / 18 Dekabr 2011 | 20:00892
Fatih Kavlak: “Hədəfimiz 3 xaldır”

“Çox çətin oyun olacaq. Rəqibimizin təqdimata ehtiyacı yoxdur. Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxacaq. Matça çox yaxşı hazırlaşmısıq. İlin son oyununda hədəfimiz yalnız 3 xaldır”. Bu sözləri Unibank Premyer Liqasının 18-ci turunda dekabrın 21-də doğma meydanda “Qarabağ”la qarşılaşacaq komandamızın baş məşqçisi Fatih Kavlak deyib. Kavlak sözügedən qarşılaşmanın ilk “altılıq”da möhkəmlənmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: ”Hazırda “Qarabağ” turnir cədvəlində bizdən bir pillə irəlidədir və onlar “Qəbələ”ni 3 xal qabaqlayırlar. Bu matçda Ağdam təmsilçisi ən azı 3 xallıq fərqi qorumağa çalışacaq. Təsnifat mərhələsinin 1-ci dövrəsində “Qarabağ”a səfərdə 1:0 hesabilə qalib gəlməyimiz oyuna rahat çıxmağımıza əsas vermir. Əksinə qarşılaşmaya daha ciddi hazırlaşmışıq. Qalib gəlib “altılıq”da möhkəmlənmək istəyirik. Heyətdə bir neçə itkimiz olsa da, kollektivdə ab-hava yüksək səviyyədədir”. 
Xatırladaq ki, Deon Barton, Abdulkader Kamara, Yaşar Abuzərov zədəyə, Nodar Məmmədov isə “Turan” matçda qırmızı vərəqə ilə cəzalandırıldığına görə “Qarabağ” qarşı forma geyə bilməyəcək. Zədəsini sağaldan Aleksandr Çertoqanov isə artıq sıraya dönüb və komanda ilə məşqlərini davam etdirir.