Fransa yığmasının sabiq futbolçusu «Qəbələ»də
Xəbərlər / 23 İyun 2017 | 21:401962
Fransa yığmasının sabiq futbolçusu «Qəbələ»də

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb. Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən komandamızın şərəfini qoruyacaq. 27 yaşlı legionerlə 2 illik müqavilə imzalanıb. Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən futbolçu Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012) və “Genk”in (2012-2015) uğurları üçün çalışıb. Həm yarımmüdafiə, həm də hücumda çıxış edə bilən cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015-2017-ci ildə Fransada “Brest”də çıxış edib. Stiven 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.