“Futbol üçün “acmışam”
Xəbərlər / 11 Noyabr 2011 | 20:001089
“Futbol üçün “acmışam”


Serje Cehua: "Futbol üçün “acmışam”

Məlum olduğu kimi “Qəbələ” hücum xəttini gücləndirmək niyyətilə ötən ayın əvəllərində heyətə yeni futbolçu cəlb etdi. Əslən Fil Dişi Sahillərindən olan afrikalı futbolçu “Qəbələ”nin heyətində qüvvəsini sınamağa imkan da tapıb. Qeyd edək ki, 27 yaşlı mərkəz hücumçusu indiyə qədər vətənində “Stella Club”la, yanaşı Cənubi Afrika Respublikasının “Kayzer Çiefs” və “Thanda Royal Zulu”, eləcə də Türkiyənin “Antalyaspor” komandalarında top qovub. Futbolçu “Qəbələ FK”ya açıqlamasında futbola gəlişindən, yaxın keçmişindən danışıb.

Məktəbi atıb, birdəfəlik futbolu seçdim

-  "Qəbələ"yə gələnə kimi bir müddət futbol oynamamısınız. Futbol oynamaq üçün çoxmu darıxmısınız?
- Bəli, həddən çox darıxmışam.
- Futbola gəlişiniz necə olub?
- Fil Dişi Sahillərində, Abican şəhərində anadan olmuşam. 7 yaşıma çatanda valideynlərim və qardaşım istəyirdilər ki, yaşıdlarım kimi mən də məktəbə gedim, təhsil alım. Mən isə əksinə, futbolçu olmaq arzusunda idim. Doğrudur, bir müddət məktəbə getdim. Amma sonda məktəbi atıb, birdəfəlik futbolu seçdim.
- İlk komandanız hansı olub?
- Futbolla doğma şəhərim Abicanın “Stella Club” komandasında məşğul olmağa başlamışam. Hərçənd atam futbola getməyimin əleyhinə idi, amma sonda futbol məktəbinə məni özü apardı. Futbolda ilk bilgilərimi “Stella Club”un Futbol Akademiyasında almışam. Peşəkar futbolçu kimi yetişdikdən sonra isə bir müddət bu komandanın heyətində ölkə birinciliyində çıxış etmişəm.
2002-dən 2005-ci ilə qədər, yəni komandanı tərk edənə qədər 50 oyunda 40 qol vurdum. “Stella Club”da oynayanda liqanın ikinci bombardiri idim.
- Sonra Cənubi Afrika Respublikasına yollandınız və “Kayzer Çiefs”, daha sonra isə “Tahanda Royal Zulu” da oynadıınız. Bu klublardakı çıxışnız hansı əlamətdar hadisə ilə yaddınızda qalıb?
- 2005-ci ildə “Kayzer Çiefs”lə 3 illik müqavilə bağladım. 2 il bu komandada oynadıqdan sonra növbəti il icarəli əsaslarla “Tahanda Royal Zulu”da çıxış etdim.
“Kayzer Çiefs”də uğurlarım olub. Afrikada “Vodacom Challenge Cup” adlı qitəmiqyaslı bir turnir keçrilir. 2006-cı ildə, turnirin əsasının qoyulmasından 4 il sonra yarışın qalibi olduq. Həmin il Cənubi Afrikanın ən yaxşı komandalarından olan “Orlando Pirates”i, ardınca finalda “Mançester Yunayted“i məğlub edərək kuboka sahib çıxdıq. Mən isə ən sərrast futbolçuların siyahısında ikinci oldum.

Ödəməyə pulları olmadığına görə, keçidim baş tutmadı

-Bəs “Antalyaspor”a keçidin necə baş verdi?
- “Kayzer Çiefs”də Con Moşeu adlı futbolçu vardı. 2005-2006-cı illər mövsümündə bu futbolçu ilə “Kayzer Çiefs”in uğurları üçün tər tökmüşəm. Con bir dəfə dedi ki, yaxşı oynasam, daha doğrusu, çox qol vursam, məni Türkiyəyə aparacaq. O vaxt onun sözlərini zarafat kimi qəbul etmişdim. Amma o, sözünə əməl etdi və 2008-ci ildə məni “Kocaelispor”a apardı. 3 həftə bu komandanın heyətində təlim-məşqlərdə iştirak etdim. Amma ödəməyə pulları olmadığına görə, keçidim baş tutmadı. Sonra “Antalyaspor” mənimlə maraqlanmağa başladı. Elə oldu ki, bu komanda ilə yoldaşlıq oyununda oynadım və qol vurdum. Bu oyundan sonra “Antalyaspor”la müqavilə bağladım.
- 3 il “Antalyaspor”da oynamısınız. Türkiyə çempionatını Azərbaycan birinciliyi, “Antalyaspor”u “Qəbələ” ilə müqayisə edə bilərsinizmi?
- Türkiyə çempionatında oynamaq daha çətindir. Əvvəla Türkiydə sürətli futbol oynayırlar. Buna görə də, futbolçunun fiziki hazırlığı yüksək olmalıdır. Həm də Türkiyə çempionatında daha güclü və səviyyəli futbolçular top qovur. Azərbaycan çempionatının da bir neçə oyununu izləmişəm. Futbolçuların səviyyəsi yaxşıdır. Sadəcə, futbolun səviyyəsi, oyunlarlın sürətinə görə çempionatınız qonşu ölkənin birinciliyindən geri qalır. “Antalyaspor”la “Qəbələ”ni müqayisə etsək, deyə bilərəm ki, eyni səviyyəli klublardır.

Adamsın məni harda görüb, bəyəndiyi özümə də sirdir

- Məlumat vardı ki, siz “Qəbələ”yə keçənə qədər Qətərdan olan bir klubla danışıqlarınız olub. Nə üçün həmin keçidiniz baş tutmadı?
- Bu yay Qətərin “Əl Əhli” klubundan dəvət almışdım. Mənə viza açdılar, biletimi aldılar. Qətərə yollandım və bir həftə komandanın düşərgəsində oldum. Hər şey qaydasında idi, müqavilə imzalamağa hazırlaşırdım ki, gözlənilməz olaylar klubla münasibətlərimi rəsmişəldirməyə imkan vermədi. Belə ki, birdən-birə 3-4 menecer ortaya çıxıb mənim onların oyunçusu olduğumu iddia etdi. Halbuki, mənim heç vaxt şəxsi agentim olmayıb. Qəribə bu idi ki, mən həmin adamları ömrümdə birinci dəfə idi görürdüm. Klub isə baş tutacaq keçidin müqabilində kiməsə ödəmə etməli idi. İşin bu hala gəlməsi transferimi gerçəkləşdirməyə mane oldu. Buna görə də, Fransaya qayıtdım. Bir müddət sonra isə məni Azərbaycana dəvət etdilər.
- Baş məşqçimiz Toni Adam sizi harda görüb- bəyənib?
- Toni Adamsın məni harda görüb-bəyənməsdi mənim üçün də sirdir. Ola bilsin video görüntülərimi izləyib, ya da, Türkiyə çempionatında oyunlarımı görüb.
- “Qəbələ”də nəyə ümid edirsiniz?
- Qəbələyə gəldikdən sonra 2 həftə ərzində Adamsın köməkçisi Fatih Kavlakın başçılığı altında hazırlıq keçdim. Ötən mövsüm zədə üzündən özümü “Antalyaspor”da sübut edə bilmədim. İndi isə necə deyərlər, acıqlıyam, futbol üçün “acmışam”. Futbolçu kimi hələ çox faydalı olduğumu özümə də sübut etmək isətəyirəm.

Dosye

Adı: Serje Pacome Cehua
Doğulduğu tarix: 25.09.1983
Doğulduğu yer: Abican, Fil Dişi Sahili
Ampluası: Mərkəz hücumçusu
Oynadığı klublar: “Stella Club” (Fil Dişi Sahilləri), “Kayzer Çiefs”, “Thanda Royal Zulu” (hər ikisi CAR) və “Antalyaspor” (Türkiyə).
Boyu: 1,80 sm
Çəkisi: 96 kq.