«Futbolçular qələbə qazanmaq istəyirdilər»
Xəbərlər / 14 Oktyabr 2017 | 21:09222
«Futbolçular qələbə qazanmaq istəyirdilər»

Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Komandamızın hesabı açmasından sonra üstünlüyün rəqibə keçməsi nə taktika, nə də pressinqlə bağlıdır. Bu futbolçuların həddən artıq çalışması və onların böyük məsuliyyəti ilə əlaqəlidir. Oyundan öncə görürdüm ki, futbolçular qələbə üçün həyəcan keçirir. Mən nəticə üçün belə narahat olan, qələbə qazanmaq üçün çalışan, məsuliyyətli komanda görməmişəm. Futbolçular yaxşı oynamaq deyil, qələbə qazanmaq istəyirdilər. Oyunçuları təbrik edirəm. Qarşılaşmadan sonra futbolçularıma dedim ki, bəlkə də “Qarabağ”dan başqa digər komandaların bizimlə oyunlarda müdafiədən necə oynadığını öz üzərinizdə hiss etdiniz. Biz tək qapı oynayıb, 50-60 hücuma qol vura bilmədiyimiz matçlar keçirmişik. Bu gün isə belə deyildi. Rəqib sadəcə topa nəzarət edirdi. Biz isə belə oynayanda 15 qol epizodu yaradıb, sonda ya heç-heçə edir, ya da uduzuruq”. 

Qriqorçuk nəticədən fərqli, belə oyunun əleyhinə olduğunu da bildirib:
“İndi bizə 3 xal lazım idi. Amma bugünkü kimi oynamağımızı istəmirəm. Çünki belə oyunlarla bir neçə qələbə qazanmaq olar. Həmişə qalib gəlmək üçün isə oyunu idarə edib, rəqibi təzyiq altında saxlamaq lazımdır. Biz də buna çalışırıq. Bu gün bir sıra dəyişikliklər etmişdik. Səbəbi də bəzi oyunçuların yoxluğu ilə bağlı idi. Bu addımlar məcburiyyətdən atılmışdı. Yaxşı ki, qarşılaşmanı qələbə ilə başa vurduq. Futbolçularımızı razı gördüm. Onlar çox səylə oynayır, nəticə üçün narahatçılıq keçirirdilər. Belə matçda qalib gəlməsəydilər, az qala ölə bilərdilər. Yeni taktiki sxemdə müdafiədə səhvlər etmədik. Qapımız önündə qol vəziyyəti yaranmadı. Tellur Mütəllimov zədədən sonra müalicə olunub, uzun müddət itirdikdən sonra heyətə qayıdıb. Həm də gənclərə xasdır ki, sabit çıxış etmirlər. Biz ona güvənirik”.