İslam Həmrəyliyi Oyunları gündəliyi – 14.05.2017
Xəbərlər / 14 May 2017 | 23:25556
İslam Həmrəyliyi Oyunları gündəliyi – 14.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarının üçüncü günündə “Qəbələ” İdman Klubunun iki təmsilçisi mübarizəyə qoşulub. Kişi boksçulardan ibarət Azərbaycan yığmasının üzvləri Tamerlan Abdullayevlə Cavid Çələbiyev rinqə çıxıblar. Onların hər ikisi qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

69 kq-da yarışan Tamerlan Abdullayev yarışa 1/8 finaldan başlayıb. İdmançımız türkmənistanlı Muhemmetmirat Sahedovla qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Tamerlan 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev isə yarışa 1/4 finaldan başlayıb. O, türkiyəli Hakan Doğanla döyüşüb. Görüş Cavidin asan qələbəsi ilə yekunlaşıb – 5:0. Bununla da 25 yaşlı idmançı İslam Həmrəyliyi Oyunlarının medallarından birini təmin edib. Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.