İslam Həmrəyliyi Oyunları gündəliyi – 15.05.2017
Xəbərlər / 15 May 2017 | 21:54538
İslam Həmrəyliyi Oyunları gündəliyi – 15.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının dördüncü gününə yekun vurulub. Başa çatan gün “Qəbələ” İdman Klubunun Azərbaycan yığmasındakı üzvləri üçün uğurlu alınıb.

Cüdoçularımız isə tatamidən üç medalla ayrılıb. Bu idman növündə mübarizə komanda yarışları ilə yekunlaşıb. Kişilərdən ibarət yığmanın heyətində yer alan Rüfət İsmayılov və Uşanqi Kokauri qızıl medala yiyələnib. Mübarizəyə 1/8 finaldan başlayan yığmamız Qırğızıstanı 5:0, 1/4 finalda Türkiyəni 3:0, yarımfinalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edib. Əlcəzairlə final görüşünün taleyini isə ağır çəkidə keçirilən son qarşılaşma həll edib. Uşanqi Kokaurinin qələbəsi ümumi hesabda üstünlük (3:2) və çempionluq baxımından həlledici olub.

Cüdoçulardan ibarət qadın yığmamız isə gümüş medal əldə edib. Təmsilçimiz Kifayət Qasımovanın da heyətində yer aldığı millimiz B qrupunda Özbəkistanı 3:2 hesablı məğlub edib. Finalda Türkiyə ilə görüşən komandamız 0:5 hesabı ilə uduzub və gümüşlə kifayətlənib.

Boksçumuz Tamerlan Abdullayev ikinci döyüşünə çıxıb. 69 kq çəki dərəcəsindəki təmsilçimiz qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gəlib. Döyüş Tamerlanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mükafatçılar sırasında yerini təmin edən Abdullayev yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək. Görüş mayın 17-də olacaq. 

“Qəbələ”nin üç futbolçusu – Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalovun heyətində yer aldığı Azərbaycanın U-23 millisi qrup mərhələsində son oyununu keçirib. Mərakeşlə qolsuz heç-heçə edən yığmamız qrupda 2-ci yeri tutub. Afrikalı təmsilçisi ilə qarşılaşmada hər üç oyunçumuz iştirak edib. Yarımfinala yüksələn yığmamız mayın 18-də Əlcəzairlə üz-üzə gələcək.