İslam Həmrəyliyi Oyunları gündəliyi – 18.05.2017
Xəbərlər / 18 May 2017 | 21:40485
İslam Həmrəyliyi Oyunları gündəliyi – 18.05.2017

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yeddinci günündə “Qəbələ” İdman Klubunun 8 üzvü qüvvəsini sınayıb. Yarışa qatılan 4 boksçumuz final qarşılaşmasına çıxıbsa, taekvondoçumuz bütün döyüşlərini bu gün keçirib. Fərdi yarışlarda çıxış edən idmançılarımızın beşi də İslam Həmrəyliyi Oyunlarını mükafatçılar sırasında başa vurub. Təmsilçilərimiz 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər.
60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə döyüşüb. Bu döyüşdə rəqibindən aşkar üstün olan Çələbiyev 5:0 hesablı qələbə ilə qızıl medal qazanıb.
Tamerlan Abdullayev (69 kq) finalda özbəkistanlı Bobo-Usman Baturovla qarşılaşıb. Bu dəfə 0:5 hesabı ilə uduzan boksçumuz gümüş medalla kifayətlənib.
75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı həlledici mərhələdə qazaxıstanlı Tursunbay Kulahmetlə görüşüb. Bərabər keçən mübarizədə asiyalı qələbə qazanıb - 5:0. Şahsuvarlı isə ikinci yeri tutub.
Rauf Rəhimov (81 kq) final duelində türkmənistanlı Arslanbek Açilovla üz-üzə gəlib. Boksçumuz bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:4. Rəhimov da İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub.
Taekvondoçumuz Məhəmməd Məmmədov da yarışı mükafatçılar arasında başa vurub. 63 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda indoneziyalı İbrahim Zarman önündə ciddi çətinlik çəkməyib - 9:2. 1/4 finalda Məmmədov Ömər Xəyyami (Mərakeş) üzərində qələbə qazanıb - 26:10. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevə 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.
Üç oyunçumuz Rəşad Sadiqov, Tellur Mütəllimov və Elvin Camalovun yer aldığı 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib. Yarımfinalda Əlcəzairə 2:0 hesabı ilə qalib gələn yığmamız ən azı gümüş medalı təmin edib. Afrika təmsilçisi ilə matçda hər üç futbolçumuz meydana çıxıb. Millimiz mayın 21-də keçiriləcək final görüşündə Oman ilə qarşılaşacaq.
Xatırladaq ki, İslam Həmrəyliyi Oyunlarının əvvəlki 6 günündə Rafael Ağayev (karate, 75 kq), Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) qızıl, Aişə Qurbanlı (cüdo, 48 kq) və Kifayət Qasımova (cüdo, 57 kq) gümüş medal qazanıblar. Rüfət İsmayılovla Uşanqi Kokauri cüdo üzrə kişilərdən ibarət yığmanın heyətində qızıl, Kifayət Qasımova cüdo üzrə qadınlardan ibarət yığmanın tərkibində gümüş mükafata yiyələnib.