Kavlak üçün poker şansı
Xəbərlər / 17 Avqust 2012 | 08:03239
Kavlak üçün poker şansı

“Qəbələ” sabah – avqustun 18-i Premyer Liqanın 3-cü turu çərçivəsində səfərdə paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. İndiyədək yalnız ölkə çempionatında qarşılaşan rəqiblərin duellərində hələlik “Neftçi” öndədir. Bakılılar 7, “Qəbələ” 5 qələbə qazanıb, 4 qarşılaşma isə heç-heçə başa çatıb. Top fərqində 21:14 hesabı ilə üstün olan paytaxt təmsilçisinin uğurlu oyunları Fatih Kavlakın “Qəbələ”nin baş məşqçisi təyin olunana kimi davam edib.

Bu postdakı debüt oyunu çempiona qarşı olan türkiyəli elə ilk cəhddən “Neftçi” üzərində qələbənin sevincini yaşayıb. Bundan sonra “Qəbələ” çempion üçün kabusa çevrildi. Rəqibini hətta 4:1 hesabı ilə darmadağın etməyi də bacaran komandamız ötən mövsümün son oyununda doğma azarkeşləri önündə çempionluğu bayram etmək istəyən bakılıların sevincini “korladı”. Bir sözlə Kavlakın yetirmələri bu rəqibə qarşı keçirdiyi hər 3 oyunda qələbə qazanıb. Əgər Kavlak bu qarşılaşmadan da qalib ayrılsa, o "Neftçi"yə qarşı ardıcıl 4-cü qələbəyə - pokerə imza atacaq. 

“Qəbələ” sabahkı oyuna da iddialı yollanır. Komandanın matça tam hazır olduğunu söyləyən baş məşqçi rəqiblərinin güclü olduğunu, buna baxmayaraq paytaxtdan istədikləri nəticə ilə dönəcəklərinə inandığını söylədi:
“Neftçi”nin gücü haqda əlavə sözə ehtiyac yoxdur. Onlar son iki mövsümün çempionudurlar. Çempionlar Liqasına uğurlu start versələr də, növbəti mərhələdə bu turnirlə vidalaşmalı oldular. Premyer Liqanın startı da rəqibimiz üçün uğurlu alınmadı. Heyətdə də bəzi dəyişikliklər oldu. “Neftçi” bizimlə oyuna çox ciddi hazırlaşıb. “Qəbələ” ilə oyunda yaxşı nəticə qazanıb Avroliqa matçına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər. Biz də oyuna ciddi hazırlaşmışıq. Heyətimizdə itki yoxdur. Paytaxta maksimum nəticə üçün gəlirik. İnanıram kı, Bakıdan istədiyimiz nəticə ilə dönəcəyik”.