«Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm»
Xəbərlər / 23 İyun 2012 | 08:23310
«Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm»

“Qəbələ”nin mövsümlərarası fasilədə ilk transferləri yerli futbolçular oldu. Baş məşqçi Fatih Kavlak hələ “Qarabağ”da işlədiyi vaxtdan tanıdığı, son mövsümü “Xəzər Lənkəran”da keçirən gənc müdafiəçi Şəhriyar Xəlilovun ardınca təcrübəli yarımmüdafiəçi Rəşad Abdullayevi də sərəncamında görmək istədi. Son 2 mövsümdə “Neftçi”nin çempionluğunda böyük əməyi olan 31 yaşlı futbolçu müqaviləsi bitdiyindən sərbəst oyunçu kimi “Qəbələ”ni seçdi. 

R.Abdullayev  “Qəbələ FK” qəzetinə müsahibəsində klubumuza keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 

“Həmişə zarafatyana deyirdilər ki, yığ çantanı, gəl Qəbələyə”

- Bəlkə “Qəbələ”yə keçidindən başlayaq? 

- Keçən çempionatın sonunayaxın “Qəbələ”nin maraq dairəsinə düşdüyümü bilirdim. Məsələnin rəsmiləşməsindən əvvəl qeyri-rəsmi danışıqlarımız oldu. Çünki mən hələ “Neftçi”nin futbolçusu idim. Çempionat başa çatan kimi “Qəbələ”nin rəhbərliyi ilə görüşüb, danışaqlara başladıq. Mövsüm başa çatanda isə razılığa gəldik və rəsmi müqavilə imzaladıq. Müqavilə 1 illik olsa da, sənəddə bu müddətin uzadılması şərti də var.    

- Bu komandanı seçməyində həlledici məqam nə oldu? 

- “Qəbələ”yə keçməkdə çox da tərəddüd etmədim. Sözün düzü, elə komandaya keçmək istəyirdim ki, başım dinc olsun. Çünki hər hansı səbəbdən, deyək ki, maddi məsələyə görə tez-tez komanda dəyişməyi xoşlamıram. “Qəbələ”dəki vəziyyət, ab-hava, burada futbola olan münasibət, biz sözlə, komanda haqqında yetərincə məlumat toplamışdım. Klubun mənə olan marağı bir futbolçu kimi mənim üçün önəmli idi. Buna görə də bu məqamları götür-qoy etdim ki, sonradan mənə çətin olmasın.  

- Avrokuboklarda çıxış edəcək klublardan birinə də keçə bilərdin... 

- Əlbəttə, avrokubokda oynamaq çox yaxşıdır. Bu, hər futbolçu üçün daha bir sınaqdır. Mən də çalışdım elə komandaya keçim ki, bu il də olmasa, gələn il avrokuboklarda çıxış etsin. İnşallah, komandam çoxdan gözlədiyi nəticəni mən oynadığım vaxtda qazanar. Doğrudan da, “Qəbələ”yə layiqli futbolçu olduğumu sübut etmək istəyirəm. 

- “Qəbələ”də vaxtilə bir yerdə oynadığın şəxslər var: komandanın rəisi Ramiz Kərimov, futbolçu Elmar Baxşıyev...

- Doğrudur. Uzun illər onlarla, eləcə də “Qəbələ”nin uşaq futbolunda çalışan məşqçiləri Sənan Qurbanov və Azər Bağırovla bir yerdə oynamışıq. Demək olar, bir yerdə böyümüşük. Onlarla tez-tez danışırdım. Həmişə zarafatyana deyirdilər ki, yığ çantanı, gəl Qəbələyə. 

-“Qəbələ”də debüt edəcəyin yeni mövsümdə əsas hədəfin nə olacaq?

- Həmişə oynadığım komandada özümü göstərməyə, lider olmağa çalışmışam. “Qəbələ”ə üçün faydalı futbolçu olmağa çalışacağam. İstəyirəm, öz oyunumla hiss etdirim ki, komandaya yeni nəfəs gətirmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. 

- İndiyə qədər avrokuboklarda çıxış etməyən komandamızın qarşısına böyük hədəflər qoyulub – çempionluq və ölkə kubokunu qazanmaq. Sən isə daim bu məqsədlər uğrunda mübarizə aparan futbolçu olmusan. Güman ki, bu amil də “Qəbələ”yə keçidində rol oynayıb.

- Əlbəttə, klubun iddiası ilə mənim istəklərimin üst-üstə düşməyi “Qəbələ”yə keçidimdə böyük rol oynadı. “Qəbələ” neçə illərdir yaranıb, həmişə də yaxşı futbol oynayıb. Ancaq sonda ya bəxti gətirməyib, ya da oyunlarında qeyri-sabitlik olub. Növbəti mövsümdə də iddialarımız böyükdür. Çempion olmaq, kuboku qazanmaq və avrokuboklarda oynamaq istəyirik. İddialı klubda oynayanda, futbolçuda motivasiya da güclü olur. Həmin müsbət keyfiyyətləri “Qəbələ”də də göstərməyə çalışacağam. 

“Fatih Kavlak məni təbrik etdi, xeyir-dua verdi”

- İndiyədək dəfələrlə “Qəbələ”yə qarşı oynamısan, hətta indiki komandana qol da vurmusan. Rəqib futbolçu kimi bu komanda sənə necə təsir bağışlayıb?

- “Qəbələ”yə qarşı çox oynamışam. Bu komanda ilə oyunlarda bizə həmişə çətin olub. Ötən mövsüm “Neftçi”yə qarşı 4 oyunun 3-də “Qəbələ” qalib gəlib. Elə olub ki, mənim “Qəbələ” ilə oyunum yaxşı alınıb, qol da vurmuşam. Bu komandada məşqçi işi, fərqli taktika həmişə özünü göstərib.  

- Həm yerli, həm də əcnəbi məşqçilərin rəhbərliyi altında oynamısan. Fatih Kavlakla işbirliyindən nə gözləyirsən?  

- Baş məşqçinin öz komandasında görmək istədiyi futbolçu olmaq böyük şeydir.  Mən Kavlakla hələ görüşməsəm də, klubla müqavilə bağladıqdan sonra özü mənə zəng etdi. Məni təbrik etdi və xeyir-dua verdi. Gənc məşqçi olsa da, işi artıq göz qabağındadır. “Qəbələ” onun rəhbərliyi altında mövsümün son oyunlarında yaxşı nəticələr qazandı. “Qəbələ”nin “Neftçi” ilə oyunların 3-də qalib gəlməsində də Fatih Kavlakın əməyi böyük olub. Növbəti mövsümdə qarşıya daha böyük məqsədlər qoyulub və bunu həyata keçirmək üçün əl-ələ verib çalışmaq lazımdır. 

- Təbii ki, bunun üçün heyət gücləndirilir, səviyyəli legionerlər transfer olunur.  Sən cinah yarımmüdafiəçisisən, əsasən, sağda oynayırsan. Orada Viktor Mendi, solda isə Dodo oynayır. Komandamızın liderləri olan bu güclü legionerlərlə rəqabətə hazırsanmı?

- Əlbəttə, hazıram. Bunu görəcəksiniz. Məşqçilər hansı taktikanı seçsələr, ona uyğun oynayacağıq. Yəqin ki, təlim-məşq toplanışlarında bu məsələnin üzərində iş gedəcək. Məşqçilər mənim hansı mövqedə oynadığımı və necə futbolçu olduğumu bilirlər. Mən də “Qəbələ”də güclü futbolçuların oynadığını bilirəm. Məni hansı mövqedə oynadacağına baş məşqçi qərar verəcək. Mən də öz mövqeyimdə heç kimdən zəif olmadığımı göstərməyə çalışacam.  

- Oynadığın komandalarda həmişə əsas heyətdə yer almısan və demək olar, ehtiyatda qalmamısan. Bunu necə bacarmısan? 

- İndiyədək müxtəlif  millətlərdən olan baş məşqçilərlə işləmişəm. Onlar futbolçulardan özünəməxsus oyun üslubu və taktiki sxemlərə əməl etməyi tələb edirlər. Mən də onların istəyini meydanda yerinə yetirmişəm, qollarımı vurmuşam, ötürmələr etmişəm. Komandam üçün nə qədər xeyir vermişəmsə, baş məşqçilər də bunun qarşılığında o qədər mənə güvəniblər. Məşqçilər həmişə boş, yaxud  zəif mövqelərə futbolçu axtarırlar. Konkret bir mövqedə faydalı ola bilirsənsə, əlbəttə, baş məşqçi səni həmişə əsas heyətdə oynadacaq. 

“Təqdimatım məndə çox gözəl təəssürat yaratdı” 

- Təqdimatın “I Qəbələ Kuboku” beynəlxalq turnirində oldu. Əvvəlki klublarında belə təqdimat olmuşdu? 

- “Xəzər Lənkəran”da 100-cü oyunuma çıxanda buna oxşar bir tədbir olmuşdu. Onda mənə arxasında “Rəşad 100-cü oyun” yazılan mayka təqdim olunmuşdu. Amma Qəbələdəki təqdimat daha fərqli idi və məndə çox gözəl təəssürat yaratdı. Azarkeşlərin, rəhbərliyin mənə münasibəti, şəxsən klub prezidenti Tale Heydərovun orada olması, vitse-prezident Fariz Nəcəfovun formanı təqdim etməsi – bir sözlə, bu təqdimat hər cəhətdən gözəl alındı. Qəbələdə bu səviyyədə qarşılanmağımdan özüm də zövq aldım. 

- Həmişə 27 nömrəli formada çıxış etmisən. “Qəbələ”də də sənə bu nömrəni veriblər. Bunu özün istədin, yoxsa...

- Bunu bilirdilər. Danışığımız belə oldu ki, 27 nömrəli formada oynayacağam. Hansı komandada oynamışamsa, bu nömrədə çıxış etmişəm.  

- Bu rəqəmi seçməyinin nəsə bir sirri varmı?

- Uşaq vaxtı həmişə 7 nömrəli formada oynamışam. 2004-cü ildə “Xəzər Lənkəran”a keçəndə komandada 7 nömrəli formada oynayan vardı. O vaxtdan 27 nömrəni götürdüm və indiyə kimi, necə deyərlər, bu nömrəyə sadiqəm.

“Qəbələdə futbol oynamamaq günahdır”

- “Qəbələ” növbəti mövsümdə birinci yeri tutsa, sən ardıcıl 3-cü il çempionluq sevincini yaşayacaqsan. Buna nail olmaq üçün nə etmək lazımdır?

- İlk növbədə  çox işləmək və əzmkarlıq göstərmək, bir də çempionluğu ürəkdən istəmək. Hansı klubda oynamağımdan asılı olmayaraq, çempionluğu həmişə içimdə yaşatmağa, buna inanmağa çalışmışam. Gərək bütün futbolçular buna inansınlar. Mən Qəbələdəki meydançaları, bizim üçün yaradılan infrastrukturu gördüm. Belə yerdə futbol oynamamaq günahdır. İnşallah, komandaya uyğunlaşdıqdan sonra hər şey yaxşı olacaq. 

- Üç il paytaxtda oynadıqdan sonra yenidən əyalətdə çıxış edəcəksən. Ailəli futbolçu kimi sənə çətin olmayacaq?

- Xeyr. Ailə vəziyyətimə görə “Qəbələ”nin təklifindən imtina etmək fikrində olmamışam. Mən peşəkar futbolçuyam və müqavilə şərtlərini götür-qoy etmişəm. Qəbələdə  xeyli dost-tanışım var. Lazım olsa, ailəm də gəlib Qəbələdə qalacaq. 

- Səncə, “Qəbələ”yə keçidin uzun fasilədən sonra milli komandamıza qayıdışına yol aça bilərmi? 

- Hansı klubda oynamağımdan asılı olmayaraq, həmişə milliyə düşməyə çalışmışam. Futbolda oyunun alınması vacib şərtdir. “Qəbələ”də elə oynamağa çalışacağam ki, həm komandada seçilim, həm də milliyə layiq olduğumu göstərim. 
 
- “Qəbələ”ni daim dəstəkləyən fanatlara sözün nədir? Onlar yeni futbolçu kimi səndən nə gözləsinlər?

- Azarkeşlər məni yaxşı qarşıladılar,  onlarla da söhbətimiz oldu. Söz verdim ki, “Qəbələ”nin uğurları üçün çox şey edəcəyəm. Komandanı keçən mövsüm necə dəstəkləyirdilərsə, də elə dəstəkləsinlər. Biz futbolçular onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.