Makedoniyalılarla 2-ci duel
Xəbərlər / 23 Yanvar 2018 | 21:42285
Makedoniyalılarla 2-ci duel

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. 2018-ci ildə 3-cü matçına çıxacaq “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində ilk görüşdə qüvvəsini sınayacaq. İlk mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşən Roman Qriqorçukun yetirmələri bu dəfə Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Qloriya məşq meydançalarında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Əsası 1937-ci ildə qoyulan Skopye təmsilçisi Makedoniyanın ən köklü klublarından biridir. Lakin 81 yaşlı komandanın bütün uğurları Yuqoslaviyadan sonrakı müstəqillik illərinə təsadüf edib. 1998-ci ildə Makedoniya çempionatının yüksək liqasında debüt edən komanda 2 il sonra tarixində ilk dəfə avrokuboklarda mübarizə aparıb. İlk titul 2004-2005-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt ölkə çempionu olan “Rabotniçki” sonradan daha 3 dəfə (2005-2006, 2007-2008, 2013-2014) eyni uğuru təkrarlayıb, 4 dəfə kuboka (2007-2008, 2008-2009, 2013-2014, 2014-2015) yiyələnib. Ötən mövsüm çempionatı 3-cü pillədə başa vuran skopyelilər bürünc medala sahib çıxıb. Cari çempionatda 18 turdan sonra 23 xala malik komanda 5-ci sırada qərarlaşıb.

Bu, “Qəbələ”nin Makedoniya klubları ilə 2-ci yoxlama matçı olacaq. Bir il öncə Antalya toplanışında “Şkendiya” ilə üz-üzə gələn komandamız 2:1 hesablı qələbə qazanıb. Yanvarın 24-də baş tutan həmin matçda komandamızın qollarını Filip Ozobiçlə Araz Abdullayev vurub.

 

Yoxlama oyunu

24 yanvar

18:00. “Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya)

Qloriya məşq meydançaları