«Məmnuniyyətlə «Qəbələ»də çıxış edərdim»
Boks / 12 Oktyabr 2013 | 12:28753
«Məmnuniyyətlə «Qəbələ»də çıxış edərdim»

Xəbər verdiyimiz kimi ukraynalı peşəkar boksçular - Sergey Fedçenko (şəkildə solda) və Valentin Qolovko (şəkildə sağda) hazırda "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədovla birlikdə Qəbələdə təlim-məşq toplanışındadır. İlk dəfə Azərbaycana səfər edən Ukrayna təmsilçiləri Azərbaycan və Qəbələ haqda təəsüratlarını gabalafc.az-la bölüşdülər. WBO versiyası üzrə Avropa çempionu Sergey Fedçenko və perspektivli boksçu Valentin Qolovko Azərbaycana və Qəbələyə heyran qaldıqlarını bildirdilər. Onlar ölkəmizə səfərlərinin məqsədini də saytımıza açıqladılar:

S.F.: "Düzün desəm, "Qəbələ" İdman Klubu haqda hər hansı bir məlumata malik deyildim. Qəbələyə gəldikdən sonra gördüklərim məni heyran etdi. Burada idman üçün hər cür şərait var. Təbiət də çox gözəldir, şəhər səliqəlidir. Futbol komandanız haqda da məlumat aldım. Artıq mən də sizin azarkeşinizəm. Komandanın oyunlarını Ukraynadan izləyəcəyəm. Dostlarıma da "Qəbələ" haqda məlumat vermişəm. Onlar da internetdən klub haqda məlumat alıblar. Hazırda Qəbələdə təlim-məşq toplanışındayıq. Fariz Məmmədovla birlikdə dekabra planlaşdırılan döyüşlərə hazırlaşırıq. Məni qarşıda 12 raundluq titul döyüşü gözləyir. İnanıram ki, Qəbələ hazırlığının bu döyüşdə mənə faydası dəyəcək".

V.Q.: "Bizi Qəbələdə çox gözəl qarşıladılar. Buralar çox xoşuma gəlir. İlk dəfədir ki, ölkə xaricində təlim-məşq toplanışında oluram. Bizə çox yaxşı şərait yaradılıb. Məşqlərimiz maraqlı keçir. Qarşıda bizi çətin döyüşlər gözləyir. Ukraynaya qayıtdıqdan sonra "Ukrayna Atamanları" boks komandası ilə müqavilə bağlamaq ehtimalım var".

"Nə vaxtsa "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil etmək istərdinizmi" sualına boksçuların cavabı müsbət oldu:

S.F.: "Az öncə söylədiyim kimi Qəbələdəki şərait xoşuma gəldi. Amma hazırda başqa kompaniya ilə müqaviləm var və onu poza pilmərəm. Müqavilə bitdikdən sonra niyə də yox?".

V.Q: Məmnuniyyətlə "Qəbələ"də çıxış edərdim. Hazırda sərbəst boksçuyam. Əgər təklif olarsa, bu barədə müzakirə aparmağa dəyər".