«Neftçi» - «Qəbələ» oyununda üç qol
Xəbərlər / 14 Avqust 2020 | 22:05455
«Neftçi» - «Qəbələ» oyununda üç qol

“Neftçi” – “Qəbələ” – 2:1

(Mamadu Kane, Yusuf Laval // Nikolas Raysel)

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Bakıda “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma “Bakcell Arena”da baş tutub. Komandamızın çalışdırıcısı Elmar Baxşıyev görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov, Sadiq Quliyev, Murad Musayev, Yurgen Qoxa, Yusif Nəbiyev, Merab Qiqauri, İdris İnqilablı, Rövlan Muradov, Nikolas Raysel, Rüfət Əhmədov, Ülvi İsgəndərov.

Görüşdə hesabı paytaxt təmsilçisi açıb. İlk yarının gedişində bakılılar önə keçib. “Qəbələ” fasiləyə qədər hesabda tarazlıq yaratmağa müvəffəq olub. 42-ci dəqiqədə Nikolas Raysel meydan sahiblərinin qapısına yol tapıb. İlk 45 dəqiqə 1:1 hesabı ilə başa çatıb.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar”ın heyətində meydana Tərlan Əhmədli, Asif Məmmədov və Rodriqo Qattas daxil olub. Qarşılaşmada hesab 76-cı dəqiqədə dəyişib. Paytaxt təmsilçisi yenidən önə keçib. Bu qol bakılılara 2:1 hesablı qələbə qazanmaq üçün kifayət edib.

Xatırladaq ki, “Qəbələ” gələn həftə start götürəcək Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə” ilə üz-üzə gələcək. Görüş avqustun 23-də Qəbələ şəhər stadionunda baş tutacaq.