«Onlar artıq «Qəbələ» İdman Klubu haqda geniş məlumata malik idi»
Xəbərlər / 22 Oktyabr 2017 | 03:12126
«Onlar artıq «Qəbələ» İdman Klubu haqda geniş məlumata malik idi»

“Qəbələ” İdman Klubunun boks komandası Ukraynanın Krivoy Roq şəhərində keçirdiyi təlim-məşq toplanışını yerli KB-75 klubu ilə beynəlxalq yoldaşlıq matçı ilə yekunlaşdırıb. Meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klubumuzun nümayəndə heyətinin rəhbəri, sabiq boksçu Fariz Məmmədov qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Keçmiş boksçu, ömrümü bu idman növünə həsr etmiş bir insan kimi deyə bilərəm ki, təmsilçilərimizdən məni daha çox Məhəmmədəli Tahirzadə yaxşı mənada təəccübləndirdi. Ağır çəki dərəcəsində çıxış edən idmançımız gözləmədiyim qədər gözəl boks nümayiş etdirdi. Baxmayaraq ki, rəqibi ikiqat Ukrayna çempionu, bu ölkənin yığmasının kapitanı İqor Şevadzutski idi. Hərçənd Məhəmmədəlinin özü gənclər kateqoriyasını yeni tərk edib. Kamran Şahsuvarlı və Ümüd Rüstəmov da yaxşı döyüşdülər. Üç boksçu - Rauf Rəhimov, Elvin İsayev və Roman Zakirovun çıxışı məni qane etmədi. Onlar həqiqətən məğlub oldular. Hesab edirəm ki, bu görüşdə 4:3 hesabı ilə qalib gəlməliydik. Amma nəticəni də normal qarşılayıram. Çünki rəqib doğma şəhərdə, arenada çıxış edirdi. Onlar öz boksçularını tamaşaçıları önündə uduzmasına imkan verməzdilər. Qarşılaşmadan sonra KB-75-in prezidenti boksçularımızı mükafatlandırdı və üzrxahlıq etdi. O, auditoriya qarşısında ayağa qalxıb, boksçularımızı alqışladı”.

Məmmədov Ukraynada baş tutan təlim-məşq toplanışını da dəyərləndirib: “On günlük toplanışda 2-3 dəfə sparrinqlər keçirdik. Xüsusi hazırlıq üzrə məşq etdik. Çünki bizi KB-75-lə qarşılaşma gözləyirdi. Hazırlıqda “Qəbələ”nin baş məşqçisi Ramiz Mirkamalov da, KB-75-in çalışdırıcısı Sergey Krinitski də 7 boksçusu ilə birgə iştirak edirdi. Çox gözəl təlim-məşq toplanışı keçdi. Bunun üçün çox yaxşı şərait yaradılmışdı”.

Nümayəndə heyətinin rəhbəri toplanış və yoldaşlıq görüşünün necə gerçəkləşməsindən də danışıb: “Krivoy Roq şəhərinin boks federasiyasının prezidenti Vladislav Binder mənə müraciət etdi. Onlar artıq “Qəbələ” İdman Klubu haqda geniş məlumata malik idi. Bunda boks üzrə Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski və  “Qəbələ”də əsas idman növü olan futbol üzrə komandanın çalışdırıcı Roman Qriqorçukun ukraynalı olmasının da rolu var. Rio-2016-da Azərbaycana medal qazandıran hər iki boksçunun da “Qəbələ”ni təmsil etdiyini bilən ukraynalılar klubumuza 10 günlük toplanış və ardınca beynəlxalq yoldaşlıq oyunu keçirməklə bağlı rəsmi dəvət göndərdilər. Klubumuz da bu dəvəti razılıqla qəbul etdi. Çünki “Qəbələ”də gənc boksçular var. Onların gələcəkdə Azərbaycanı yaxşı təmsil etməsi üçün təcrübə, xarici idmançılarla məşq keçməsi lazımdır”.