«Onun oyunundan razıyam»
Xəbərlər / 28 Oktyabr 2017 | 19:59115
«Onun oyunundan razıyam»

Topaz Premyer Liqasının X turunun “Zirə” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Xal itirməyimiz çox pis oldu. Həm mən, həm futbolçularım üçün bu qarşılaşma öyrənmək baxımından faydalıdır. Mən bu gün çox şey öyrəndim. Oyunçuların da öyrənməsini istəyirəm. Futbolçu məğlubiyyət vəya qələbədən, xüsusilə də “Qarabağ” üzərində gözəl qələbədən sonra özünü necə idarə etməli olduğunu bilməlidir. Kənardan hər şey normal görünürdü. Lakin biz bu nümunədən çox şey öyrəndik. Hakimlik haqda çox danışmaq istəmirəm. Təəssüflənirəm ki, hörmətlə yanaşdığım hakim belə bir qərarla Ekiqo Ehiosunun epizodunda penaltini vermədi. Cavid Hüseynovun qırmızı vərəqə alması mənfi haldır. Mən ona hörmət edirəm, onu futbolçu kimi çox sevirəm. Əlbəttə, baş verənləri müzakirə edəcəyik. Ona maksimum dəstək olacağam. Birlikdə çalışacağıq ki, nə onunla, nə digər oyunçularımızla bağlı belə hal yaşansın. Adımın yığma ilə yanaşı hallanmasına şərh vermək istəmirəm. Bu məsələ ilə səlahiyyətli adamlar məşğul olur və onlar baş məşqçinin adını elan edəndə məsələyə aydınlıq gələcək. Baqali Dabo çox artırıb. O, faydalı oyunçudur və indiki durumda mənim üçün əvəzolunmaz futbolçudur. İlk yarıda zəif oynadı. Əgər oyuna psixoloji cəhətdən tam hazır olsaydı, ilk dəqiqədə hesabı açardı və hər şey başqa cür olardı. İkinci hissədəki oyunu ilə fasilədə onu dəyişməməkdə səhv etdiyimizə əsas verdiyini düşünmürəm. Mən onun oyunundan razıyam”.