Pərviz Abdullayev üçün növbəti sınaq - Fotolar
Xəbərlər / 13 Aprel 2018 | 14:48317
Pərviz Abdullayev üçün növbəti sınaq - Fotolar

"Qəbələ" İdman Klubunun idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısı, Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. Aprel ayının 20-i Moskvada keçiriləcək mötəbər "ACB KB 15" turnirində Pərviz 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olacaq.

Bu gün Boks Federasiyasının mətbuat zalında sözügedən vacib qarşılaşma öncəsi mətbuat konfransı keçirilib. Tədbirdə Pərviz Abdullayev, "Qəbələ" İK-nın döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev və menecer Faiq Abdullayev media nümayəndələrini maraqlandıran suallara cavab veriblər. Konfransı giriş nitqi ilə Səbuhi Qarayev açıb. Turnir barədə məlumat verən Qarayev, döyüşçümüzün keçmiş uğurlarından və gələcək perspektivlərindən danışıb. Pərviz Abdullayev isə döyüş və keçdiyi hazırlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb: "Kəmər uğrunda 5-ci qarşılaşmamdı. Bu dəfə 5 raund döyüşəcəm və bu həmişə çətin olur. Tam qüvvəmlə hazırlaşmışam. Qalib gəlmək üçün rəqibdən bir deyil, iki dəfə güclü olmalısan. Döyüş üçün 2 aydan artıqdı hazırlıq keçmişəm. Yoxlama döyüşlərim olub. Bakıda və Qəbələdə təlim-məşq toplanışları keçirmişik. Hücum döyüşünü sevirəm. Bu dəfə də elə olacaq. Rəqibimi yaxşı analiz etmişəm. Zəif və güclü nöqtələrini bilirəm. Hər zamankı kimi özümə güvənirəm". Abdullayev bu döyüşdən sonra mötəbər "Glory" turnirinə qayıdacağına inandığını da bildirib. Döyüşçümüzün meneceri Faiq Abdullayev isə Moskvada Pərvizin dəstəksiz qalmayacağını, Azərbaycan diasporunun ona dəstək olacağını söyləyib.

Xatırladaq ki, bu qarşılaşma Pərviz Abdullayevin peşəkar karyerasındakı 53-cü döyüşü olacaq. Abdullayev öncə keçirdiyi döyüşlərdə 22-i nakautla olmaqla, 46 qələbə qazanıb.