«Qalib gələndə futbolçularda özünəinam artır»
Xəbərlər / 18 Yanvar 2017 | 20:44264
«Qalib gələndə futbolçularda özünəinam artır»

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununda Rumıniyanın “Qaz Metan” klubunu 1:0 hesabı ilə məğlub edib. “Qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Təlim-məşq toplanışında ikinci oyunumuzu keçirdik. İlk matçla müqayisədə daha yaxşı oynadıq. Çünki Albaniya “Partizani”si ilə qarşılaşma ilk oyunumuz idi. Cəmi iki məşq edib, matça çıxmışdıq. Bu dəfəki rəqibimiz “Qaz Metan” “Partizani” ilə müqayisədə daha güclü komandadır. Rumıniya təmsilçisi öz çempionatında liderlər qrupundadır. Buna baxmayaraq, indi daha yaxşı oynadıq. Çünki həm albaniyalılarla matça qədər az məşq etmişdik, həm də fərqli heyətlərlə mübarizə apardığımızdan oyunun tempini tam tuta bilmədik”.
Sadiqov “qırmızı-qaralar”ın hazırlığını dəyərləndirib: “Mövsümün ikinci yarısına tam hazır olduğumuzu deməzdim. İndi təxminən 50 faiz hazır vəziyyətdəyik. Hələ üzərimizdə, məşqlərdə çalışmalıyıq. Hazırlıq keçdikcə yavaş-yavaş oyun planında da hər şey qaydasına düşür. Cəmi bir həftədir hazırlığa start vermişik. Qarşıdakı yoxlama oyunlarından sonra hazırlığımız yüksək səviyyədə olacaq. Düzdür, hazırkı vəziyyətdə “Qaz Metan” kimi komanda üzərində qələbə qazandıq. Yoxlama oyununda nəticə önəmli sayılmasa da, qələbə böyük amildir. Qalib gələndə futbolçularda özünəinam artır”.