«Qəbələ» 4 qolla qalib gəldi
Xəbərlər / 7 Avqust 2021 | 20:50359
«Qəbələ» 4 qolla qalib gəldi

“Sabah” – “Qəbələ” – 2:4

(Coy-Lens Mikels, Tiemoko Fofana // Murad Musayev, Rövlan Muradov (2), İsnik Alimi)

2021/22 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının startı ərəfəsində “Sabah”la qarşılaşıb. Görüş “Bank Respublika Arena”da keçirilib. Baş məşqçi Elmar Baxşıyev bu görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Kristof Atanqana-Assimba, Murad Musayev, Urfan Abbasov, Rüfət Əhmədov, Ehtiram Şahverdiyev, Kamal Mirzəyev, Stefan Vukçeviç, Yaovi Akakpo, Məqsəd İsayev, Rövlan Muradov, Ülvi İsgəndərov.

Qarşılıqlı hücumlarla keçən görüş məhsuldar alınıb. İlk 45 dəqiqədə qapılara üç qol vurulub. Meydan sahibləri matçın əvvəlində iki dəfə fərqlənib. Fasiləyədək bu toplardan birinin əvəzini çıxan “Qəbələ”nin heyətində Murad Musayev fərqlənib.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar”da qapıçı Nicat Mehbalıyev, Ruan Renato, İsnik Alimi, Rafael Utziq, Asif Məmmədov və Emil Səfərov meydana çıxıb. İkinci hissənin əvvəlində Mehbalıyev rəqibin penalti zərbəsini dəf edib. Ardınca Rövlan Muradov hesabda tarazlıq yaradıb. O, hissənin ortalarında dublunu rəsmiləşdirərək komandamızı hesabda önə çıxarıb. Matçın sonlarında penalti zərbəsini dəqiq yerinə yetirən İsnik Alimi fərqi iki topa çatdırıb. Beləliklə, “qırmızı-qaralar” hazırlıq çərçivəsindəki dördüncü oyununda 4:2 hesablı qələbə qazanıb. 

Xatırladaq ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında üç oyun keçirib. “Qəbələ”  “Zirə” (0:3, 2:1) və “Səbail”lə (3:2) görüşüb.