«Qəbələ» 9 futbolçu ilə yollarını ayırdı
Xəbərlər / 11 İyun 2021 | 15:41871
«Qəbələ» 9 futbolçu ilə yollarını ayırdı

“Qəbələ” doqquz futbolçu – Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə yollarını ayırıb. Futbolçuların 2020/21 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib. 

2014/15 mövsümündən fasilələrlə “qırmızı-qaralar”ın formasını geyinən Cavid Hüseynov bu müddətdə 138 matç keçirib. 20 qol vuran yarımmüdafiəçi üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. O, Premyer Liqada 107 (15 qol), Azərbaycan kubokunda 20 (2 qol), UEFA Avropa Liqasında 11 (3 qol) oyun keçirib. Hüseynov hamıdan çox – 72 dəfə “Qəbələ”ni kapitan kimi meydana çıxarıb.

2019-cu ilin yayında komandaya qoşulan Merab Qiqauri iki mövsüm ərzində 47 matça çıxıb. Gürcüstanlı legionerin aktivində 1 top var. Merab Premyer Liqada 40 (1 qol), Azərbaycan kubokunda 5, UEFA Avropa Liqasında 2 oyun keçirib.

2020-ci ilin əvvəlində transfer olunan Nikolas Raysel 1,5 mövsüm “qırmızı-qaralar”ın şərəfini qoruyub. O, bu müddətdə 33 oyunda meydana çıxıb və 7 qol vurub. Fransalı futbolçu Premyer Liqada 30 (7 qol), Azərbaycan kubokunda 3 matça çıxıb.

2018-ci ilin yayında transfer olunan Ceyms Adeniyi komandamızda iki mövsüm keçirib. 2019/20 mövsümündə İsrail “Hapoel”inə (Kiryat-Şmona) icarəyə verilən hücumçu “qırmızı-qaralar”ın heyətində 57 oyunda 18 qol vurub. 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi olan nigeriyalı Premyer Liqada 48 (14 qol), kubokda 7 (4 qol), UEFA Avropa Liqasında 2 matça çıxıb.

Digər beş oyunçu “Qəbələ” Futbol Akademiyasının yetirmələridir. Əsas komandada 2017/18 mövsümündə debüt edən Ülvi İsgəndərov fasilələrlə “qırmızı-qara” forma geyinib. O, bu müddətdə 41 oyunda 6 dəfə rəqib qapısına yol tapıb. Ülvi Premyer Liqada 36 (4 qol), Azərbaycan kubokunda 3 (2 qol), UEFA Avropa Liqasında 2 dəfə şans qazanıb.

Yusif Nəbiyevin də əsas komandada debütü 2017/18 mövsümünə təsadüf edib. Fasilələrlə “Qəbələ”də çıxış edən akademiyanın yetirməsi 36 qarşılaşmada forma geyinib. Onun aktivində 2 top var. Hər iki qola Premyer Liqada imza atan futbolçu çempionatda 31, Azərbaycan kubokunda 4, UEFA Avropa Liqasında 1 dəfə şans qazanıb. O, 2017/18 mövsümündə Premyer Liqanın gümüş mükafatçısı, ölkə kubokunun finalçısı olub.

Əsas komandada 2012/13 mövsümündə debüt edən Sadiq Quliyev fasilələrlə “Qəbələ”də oynayıb. 30 matç keçirən müdafiəçi Premyer Liqada 24, kubokda 4, UEFA Avropa Liqasında 2 matçda iştirak edib. O, 2013/14 və 2014/15 mövsümlərində Premyer Liqanın bürünc mükafatçısı, 2013/14 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.

2015/16 mövsümündə əsas komandaya cəlb olunan Roman Hüseynov fasilə ilə “qırmızı-qara” formanı geyinib. O, bu müddətdə 46 oyunda 2 qol vurub. Yarımmüdafiəçi Premyer Liqada 35 (2 qol), ölkə kubokunda 8, UEFA Avropa Liqasında 3 dəfə şans qazanıb. O, 2015/16 mövsümündə bürünc, 2016/17 mövsümündə gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu qazanan yarımmüdafiəçi 2016/17 mövsümündə yarışın finalçısı olub.

Əsas komandada 2019/20 mövsümündə debüt edən Faiq Hacıyev 6 oyun keçirib. Müdafiəçinin iştirakçısı olduğu bu qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.

“Qəbələ” İdman Klubu Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyiyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, vurulan qollara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.