«Qəbələ» boksçusu finala çıxıb, tarix yazdı
Boks / 19 Avqust 2016 | 18:14631
«Qəbələ» boksçusu finala çıxıb, tarix yazdı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. 64 kq çəki dərəcəsində yarımfinal mərhələsinə yekun vurulub. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Lorenzo Sotomayor erməni əsilli Almaniya boksçusu Artyom Arutyunyanla qarşılaşıb. Təmsilçimiz rəqibini məğlub edərək finala yüksəlib – 3:0 (30:27, 29:28, 30:27).
Bununla da Sotomayor Azərbaycan boks tarixinə düşüb. O, Olimpiya Oyunlarında finala yüksələn ilk Azərbaycan boksçusu olub. Belə ki, idman tariximizdə bu növdə heç bir təmsilçimiz Olimpiadaların finalına çıxmamışdı. İlkə imza atıb, tarix yazan Lorenzo həlledici görüşdə Özbəkistan boksçusu Fazliddin Qaibnazarovla qarşılaşacaq. Bu döyüş avqustun 21-də keçiriləcək. Final Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Xatırladaq ki, Sotomayor 1/16 finalda ukraynalı Vladimir Matviyçuk, 1/8 finalda fransalı Hassan Amzil, 1/4 finalda Kuba təmsilçisi Yasnier Toledonu məğlub edib.