«Qəbələ» boksçusu olimpiya medalını təmin etdi
Boks / 15 Avqust 2016 | 16:48969
«Qəbələ» boksçusu olimpiya medalını təmin etdi

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının üzvü Kamran Şahsuvarlı 1/4 final döyüşünü keçirib. 75 kq çəki dərəcəsində çıxış edən boksçumuz Qazaxıstan təmsilçisi Janibek Alimxanulı ilə qarşılaşıb. Şahsuvarlı Rio-2016-da ardıcıl 3-cü qələbəsini qazanıb – 2:1 (29:28, 28:29, 29:28). Bu qələbə ilə yarımfinala vəsiqə qazanan boksçumuz Olimpiya Oyunlarının mükafatını təmin edib. Bu medalın hansı əyarlı olacağı isə Kamranın növbəti döyüşlərindən asılı olacaq. Bu, həm Azərbaycan boks yığmasının, həm də “Qəbələ”nin Rio-2016-də ilk medalıdır.
Şahsuvarlının yarımfinaldakı rəqibi Kuba boksçusu Arlen Lopez olacaq. Bu qarşılaşma avqustun 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, Kamran 1/16 finalda çinli Zao Minqqanq, 1/8 finalda rusiyalı Artyom Çebotaryova qalib gəlib.